Memarlıq fakültəsinin tələbəsi “Vindzor Kral Atçılıq Şousu”nda iştirak edib
Mətbuatdan məlum olduğu kimi, Böyük Britaniya monarxlarının, eləcə də kraliçanın yay iqamətgahı sayılan Vindzor Qəsrində hər il kraliça II Elizabetin doğum günü şərəfinə “Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” keçirilir. Bu il keçirilən əyləncəli tədbirə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin birinci kurs tələbəsi Mirismayıl Kazımlı da qatılıb. İyulun 1-4-də keçirilən ənənəvi şoudakı çıxışlarına görə tələbəmiz Dövlət Sərhəd Xidməti tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Məlumat üçün qeyd edək ki, II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya təqdim olunub. Bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.