Poltava Milli Texniki Universitetinin rektoru AzMİU-da


            Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Qonaqları AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov qəbul edib. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Beynəlxalq proqramlar və layihələr sektorunun müdiri İsa Muradov da iştirak edib.

          A.Qasımov qonaqları AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın adından salamlayıb, onları Universitetdə görməkdən məmnunluğunu ifadə edib. Prorektor Poltava Milli Texniki Universiteti ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, hər iki universitetin birgə təşkilatçılığı ilə keçirilən “Tikintidə innovasiyalar” mövzusunda Azərbaycan-Ukrayna IV beynəlxalq elmi konfransını xatırladıb. O,  bu əlaqələrin daha da gücləndirilməsi üçün nəzəriyyə və təcrübənin birlikdə tətbiq edilməsi, birgə elmi konfranslar, tələbə-müəllim mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivlərindən, qarşlıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından danışıb.

           Beynəlxalq əlaqələr üzrə prorektor da öz növbəsində AzMİU-da aparılan islahatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq, “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən layihələr, ikili diplom proqramları barədə qonaqlara ətraflı məlumat verib. N.Abdullayeva ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, AzMİU-da hər il keçirilən əcnəbi tələbələrin qatıldığı beynəlxalq “Qış məktəbi” layihəsindən danışıb, Poltava Milli Texniki Universitetini də bu lahyihəyə qoşulmağa dəvət edib.

          Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenko AzMİU rəhbərliyinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edib. Rektor iki ali məktəb arasındakı əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

         Universitetlər arasında əməkdaşlıq istiqamətlərinin və perspektivlərin müzakirə olunduğu görüşdə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.

 

20-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]