AzMİU-da “Şuşa Bəyannaməsi dostluğumuzun, həmrəyliyimizin rəmzi” adlı vebinar keçirilib


            Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azad Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə “Şuşa Bəyannaməsi - dostluğumuzun, qardaşlığımızın, həmrəyliyimizin rəmzi” adlı vebinar keçirilib. Vebinarda Universitetin professor-müəllim heyəti, əcnəbi ölkələrdən AzMİU-da təhsil alan tələbələr və qonaqlar iştirak edib.

             Tədbir Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Giriş nitqi ilə tədbiri açan AzMİU THİK-in sədri Bayram Aslanov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıb. Ən çətin günlərimizdə Türkiyənin yanımızda olduğunu, 44 günlük müharibədə isə bizə siyasi və mənəvi dəstək verdiyini xatırladan B.Aslanov haqq işimizə verilən bu dəyərin həmrəyliyimizin bariz nümunəsi olduğunu vurğulayıb. “Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın davam edən işğala Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə son qoydu, xalqımız bunu heç vaxt unutmayacaq. Bu gün dünyada bənzəri olmayan və həsəd aparılacaq Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib”. THİK sədri bu dostluğun məntiqi nəticəsi kimi Şuşa Bəyannaməsinin imzalanmasını “bir millət, iki dövlət” fikrinin reallığa çevrildiyinin təsdiqi kimi qiymətləndirib.

            AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov bildirib ki, iyunun 15-də mədəniyyət paytaxtımız Şuşada iki qardaş dövlət olan Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi tarixi dostluq, qardaşlıq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. “Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verəcək. Bu tarixi sənəd Azərbaycan və Türkiyənin regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə, ölkələrimizin əməkdaşlıq, təhlükəsizlik proseslərində rolunu, nüfuzunu daha da artıracaq”.

               Vebinarda iştirak edən hərbi ekspert Ruslan İmamquliyev qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfər zirvəsi oldu. Bu sənədin müstəsna siyasi və tarixi əhəmiyyəti olduğunu vurğulayan ekspert  deyib ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınmasıdır. “Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.  Şuşa Bəyannaməsi ilə Azərbaycanın silahlı qüvvələrinin müasir tələblərə uyğun modernləşdirilməsi istiqamətində birgə səylər göstəriləcək. Həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bütün bunlar isə şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın vahid hərbi-siyasi və təhlükəsizlik platformasından çıxış edəcəklərinin sübutudur”.

             Tədbirdə çıxış edən digər alimlər – İslam Mustafayev, Müxlis Hacıyev, İradə Şirinzadə, İnşaat-texnologiya fakültəsinin tələbəsi Nüsrət Fərəcli Şuşa Bəyannaməsinin Azərbaycanla Türkiyənin əbədi birliyini, ittifaqının nümunəsi kimi yüksək dəyərləndirərək  bu əməkdaşlığın regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açacağın əminlik ifadə ediblər.

20-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]