Tarixi Şuşa Bəyannaməsi : Azərbaycan- Türkiyə münasibətləri ən uca zirvədə


Tarixi Şuşa Bəyannaməsi : Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvədə                           

          30 ildən sonra Qarabağ öz tarixi azadlığına qovuşdu. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun qələbəsi Azərbaycan ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi. Şanlı Ordumuzun misilsiz əfsanəvi döyüşləri dünya hərb tarixində yenilik kimi qəbul edildi. Xalqın ordu ilə dəmir yumruq  kimi birliyi, həmrəyliyi Qələbə sevincini bizə yaşatdı. Cənab Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində  hər dəfə azad edilmiş torpaqların  müjdəsini böyük qürur, fəxarətlə xalqa  çatdırırdı. 10 Noyabrda Qələbə sevincini, müharibənin sona çatdığını deyən cənab Prezidentin xatirələrdə yaşayan unudulmaz çıxışı valehedici, təkrarsız idi: “Azərbaycan  xalqını təbrik edirəm. Bu zəfəri  qanı ilə qazandıran Şanlı Ordumuzu, qəhrəman döyüşçülərimizi  alqışlayıram. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin. Yaralılara sağlamlıq arzulayıram”. Prezidentin möhtəşəm çıxışı ürəklərdə, tarixdə yaşayacaq.

          Qələbəmizə özümüz qədər sevinən, 44 günlük savaşda əvvəlindən sonunadək yanımızda olan dostlarımız sırasında ən birinci qardaş Türkiyənin adı xüsusi vurğulanmalıdır. Ölkə başçımız, cənab İlham Əliyevin də dəfələrlə dediyi kimi, Türkiyə, prezident Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi bu mücadilədə də hər saniyə yanımızda oldu. Bu günlərdə Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini ekrandan  diqqətlə izlədim. Şuşada dalğalanan, ölkələrimizin  birliyini  nümayiş etdirən Azərbaycan və Türkiyə bayraqları ürəyimizi qürur və fəxarət hissi ilə coşdurdu. Hər iki ölkənin səslənən Dövlət Himnləri!  Musiqi səsi necə də möhtəşəm idi! Rəsmi görüşdə 15 iyun 2021- ci ildə,  Milli Dirçəliş  günündə Qars müqaviləsindən 100 il sonra qədim Şuşada  iki dost və iki qardaş ölkə arasında  müttəfiqlik  müqaviləsi Şuşa Bəyannaməsi imzalandı. Müstəqillik, suverenlik, ərazi bütövlüyü , beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin  daxili işlərinə  qarışmamaq prinsiplərini  rəhbər tutan hər iki ölkə üçün əlverişli zəmin formalaşdı.    

           Bu qardaşlığa, bu dostluğa  Qarabağın tacı  Şuşa şahidlik etdi. Gözümüzün önündə bir zamanlar təsəvvür edə bilməyəcəyimiz, əfsanə, dastan kimi bir tarix yazıldı. Bu, bütün Qafqazda daimi sülh, əmin-amanlıq və firəvanlıq üçün tarixi çağırış oldu. Qardaş ölkə lideri Ərdoğanın bu tarixi səfərinin bir cümləyə siğan yekunu var: Bütün dünya bilsin ki, Türkiyə daim Azərbaycanın yanındadır.

          Ramizə Rəcəbova,

          Azərbaycan dili və pedaqogika kafedrasının dosenti.

 

 

Şuşa Bəyannaməsi, ən yəni tarixin gerçəklikləri

          2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, mühüm tarixi hadisə idi. Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

          Prezidentlər arasında imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər.

          Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir.

          Yekun olaraq, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu isə yeni tarixi gerçəklikdir.

          Elçin Yusifzadə,

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekanı, dosent.

 

 

 Şuşa Bəyannaməsi tarixi əhəmiyyət kəsb edir

         2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan prezidenti xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan və Türkiyə respublikaları arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

          Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.

          Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

          Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

          Bütün bu tarixi uğurların şahidi olan hər bir azərbaycanlı, atdığı hər bir addımda ölkəsini, ölkəsinin gələcəyini, qazanılmış nailiyyətlərin qorunub saxlanılmasını düşünməli, işlərinə hər zaman məsuliyyətlə yanaşaraq dövlətinə, millətinə, vətəninə xidmət etməlidir.

          Hikmət Məmmədov,

          İnşaat fakültəsinin dekanı, professor.

 

20-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]