Rektor yay imtahan sessiyası öncəsi tələbələrlə onlayn görüş keçirib


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova fakültə dekanları və ictimai təşkilatların nümayəndələri ilə birgə imtahanöncəsi tələbələrlə video-konfrans formatında onlayn görüşüb. Görüşün keçirilməsində məqsəd cari semestrdə ümumən imtahan sessiyasına hazırlıq, onlayn imtahan forması ilə bağlı tələbələrin problemlərini dinləmək və suallarını cavablandırmaq, yekun dövlət attestasiyası, buraxılış işləri, o cümlədən, sosial həssas qrupa aid tələbələrin təhsil haqlarının ödənilməsi və s. məsələlərin aydınlaşdırılmasıdır. Görüşdə Tədris işləri üzrə prorektor Akif Qasımov və fakültə dekanları iştirak ediblər.

        Tədbir iştirakçılarını salamlayan rektor universitet rəhbərliyinin imtahanöncəsi tələbələrlə görüşünün artıq ənənə halını aldığını və bu semestrdə də koronavirus pandemiyası səbəbindən görüşün onlayn keçirildiyini bildirib. G.Məmmədova pandemiyanın digər  sahələrdə olduğu kimi,  təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə toxunub, bütün çətinliklərə baxmayaraq universitetdə onlayn dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb. 2 saata yaxın davam edən görüşdə rektor imtahanların təşkili qaydaları ilə bağlı ətraflı çıxış edib, universitetdə tətbiq edilən onlayn imtahan modelinin mövcud pandemiya şəraiti və şəffaf qiymətləndirmə imkanlarını reallaşdırmaq baxımından hazırda ən uyğun variantlardan biri olduğunu bildirib. “Universitetdə imtahanlar mövcud qaydalara, yerli və beynəlxalq standartlara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. Eyni zamanda, tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb müvafiq qərar qəbul edilməsi həyata keçirilir. Hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılır, buraxılmış səhvlər bir-bir izah edilir, obyektivliyə tam zəmanət verilir”.

        Görüşdə tələbələrin əldə etdikləri uğurlar və qarşıda duran perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb. Tələbələrin müxtəlif mövzular üzrə sual, müraciət və təklifləri dinlənilib, onların bütün sualları rektor tərəfindən ətraflı cavablandırılıb. Sonda rektor tələbələrə yeni semestrdə uğurlar arzulayaraq onları daha fəal və intizamlı olmağa çağırıb.

        Tədris işləri üzrə prorektor A.Qasımov tədris prosesində tələbələrin üzləşdiyi problemləri dinləməyə hazır olduğunu söyləyib. Fakültə dekanları da tələbələrə öz tövsiyələrini verib, qarşıdan gələn imtahan sessiyasında uğurlar arzulayıblar.

 

20-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]