AzMİU-da “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib
Mayın 7-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda elmi konfrans keçirilib.
Videokonfrans formatında keçən tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor Gülçöhrə Məmmədova çıxışında ulu öndərin həyat yoluna nəzər salıb, onun ölkəmizə rəhbərlik etdiyi hər iki dönəmdə uğurlu siyasətindən, ölkəmizin inkişafına göstərdiyi xidmətlərdən danışıb. Ulu öndərin xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyini qoruyub saxlaması, demokratik, sivil, müasir bir dövlət kimi formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib, onun tərəfindən əsası qoyulan və həyata keçirilən çox şaxəli dövlət quruculuğu siyasəti nəticəsində qısa müddət ərzində ölkədə iqtisadi, sosial, təhsil, sahiyyə, ordu quruculuğu və demokratik vətəndaş cəmiyyətinin yaradılması kimi bütün sahələr üzrə inkişafa nail olunduğunu söyləyib. O qeyd edib ki, bu gün cənab Prezident İlham Əliyev tərəfindən ulu öndər Heydər Əliyev siyasətininin təkmilləşdirilərək davam etdirilməsilə Azərbaycan öz iqtisadi inkişafına, siyasi nüfuzuna və hərbi gücünə görə nəinki regionda, dünyada söz sahibi olan bir ölkəyə çevrilmiş, bunun nəticəsi olaraq uzun müddət düşmən tapdağı altında olan torpaqlarımız 44 gündə işğaldan azad olunmuş və xalqımız öz doğma Qarabağına qovuşmuşdur. Tezliklə işğal dövründə həmin ərazilərdə dağıdılmış bütün tarixi və mədəni irsimizin bərpa ediləcəyini, Qarabağda yenidən həyatın canlanacağını, məcburi köçkünlərin vətən həsrətinə son qoyulacağını, Qarabağı ölkəmizin ən inkişaf etmiş, çiçəklənən diyarına çevirərək bütün dünyaya xalqımızın qurmaq, yaratmaq qabiliyyətinin nümayiş etdirələcəyini bildirib.
Konfransda universitetin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məhəbbət Məmmədov “İqtisadi inkişaf”, İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”, həmin kafedranın dosenti Zəminə Əsgərova “Ordu quruculuğu – qələbəyə aparan yol”, İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Əliağa Qənbərov “Heydər Əliyev və Azərbaycan inşaatının inkişafı”, İnşaat fakültəsinin 208A1 qrup tələbəsi, Vətən müharibəsi qazisi Fariz Əzizov “Heydər Əliyev ideyaları yaşayır” mövzusunda məruzələrlə çıxış ediblər.