“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” adlı monoqrafiyanın onlayn təqdimatı keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədovun elmi redaktorluğu ilə hazırlanmış, Ulu Öndər Heydər Əliyevin 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” adlı monoqrafiyanın video formatda onlayn təqdimat-elmi seminarı keçirilib. Seminarda millət vəkilləri, ölkənin iqtisadi qurumlarının mütəxəssisləri və aparıcı iqtisadçı alimləri iştirak edib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu milli iqtisadi inkişaf modelinin ölkəmizdə bazar iqtisadiyyatının formalaşmasında və sonrakı mərhələlərdə dinamik inkişafın təmin edilməsində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Rektor monoqrafiyada aparılan tədqiqatları yüksək dəyərləndirərək kitabda ölkəmizdə müasir vəziyyət və inkişaf prioritetlərinin hərtərəfli tədqiq olunduğunu vurğulayıb.
Daha sonra seminarın moderatoru Məhəbbət Məmmədov Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında həyata keçirdiyi çoxşaxəli islahat və inkişaf xarakterli tədbirlərlə əlaqədar monoqrafiyada aparılan elmi araşdırmalar haqqında ətralı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli liderin müəllifi olduğu ölkəmizin iqtisadiyyatının bütün sahələrinin inkişafında müstəsna rolundan, bazar iqtisadiyyatının formalaşmasının əsasını təşkil edən iqtisadi inkişaf modelinin yaradılması və bu günə qədər uğurla həyata keçirilməsindən danışıb.
Monoqrafiyada elmi araşdırmaların müəllifləri - Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili, akademik Ziyad Səmədzadə, Nazirlər Kabinetinin Sənaye və Energetika məsələləri şöbəsinin müdiri, professor Elşən Hacızadə, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Rusiya Federasiyasının Cənub Universitetinin rektoru, professor İmran Əkbərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının əməkdaşı Süleyman Kələşov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn və AzMİU-nin Tələbə Həmkarlar İttifaq Komitəsinin sədri Bayram Aslanov Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafı üçün həyata keçirdiyi islahatlar, ölkə iqtisadiyyatının yenidən qurulması haqqında əhatəli çıxışlar ediblər.