Tələbələr Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisində


          Tədris ilinin ikinci semestrindən etibarən 14 həftəlik istehsalat proqramı çərçivəsində təhsil aldıqları ixtisasa uyğun olaraq dövlət və özəl müəssisələrdə təcrübə keçmək imkanı əldə edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin istehsalat təcrübələri uğurla davam edir. İstehsalat  müəssisələrində təcrübə keçən tələbələrin praktiki biliklərinin artırılmasını diqqət mərkəzində saxlayan universitetin Təcrübə və Karyera Mərkəzinin əməkdaşları mütəmadi olaraq həmin müəssisələrdə yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər.

          Bu günlərdə mərkəzin direktoru Xanlar Qəniyev «AzVirt» MMC-nin Balaxanıda yerləşən asfalt-beton zavodlarında və şirkətin podratçısı olduğu Bakı-Quba-Rusiya sərhədi ilk ödənişli avtomobil yolunun 30-cu km hissəsinin tikintisində təcrübə keçən tələbələrlə görüşüb. Mərkəzin direktoru Nəqliyyat, İnşaat və Tikinti-iqtisad fakültələrinin tələbələrinin təcrübələrdə davamiyyəti, onlara yaradılan şərait,  gördükləri işlər, təhlükəsizlik qaydaları və s. ilə maraqlanıb. Onu da qeyd edək ki, istehsalat təcrübəsində Nəqliyyat fakültəsindən 14, İnşaat fakültəsindən 6, TİF-dən 22 tələbə iştirak edir. 

          Asfalt-beton zavodundakı avtomatlaşdırmış mərkəzdə elektron sxemlə tənzimlənən iş prosesi ilə tanış olan tələbələr sonra çınqıl-beton laboratoriyasına da baş çəkiblər, istehsal prosesini yaxından izləyiblər. İş prosesində tələbələrin marağına səbəb olan suallar laboratoriyanın əməkdaşları tərəfindən cavablandırılıb.  

          Bu görüşün nəticəsindən məmnun qalan X. Qəniyev şirkətin rəhbərliyinə tələbələr üçün yaradılan şəraitə, ayrılan diqqət və qayğıya görə təşəkkürünü bildirib.

 

 

26-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]