Elmi Şuranın növbəti onlayn iclası keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasın gündəliyinə keçməzdən əvvəl universitetin rektoru, professor Gülçöhrə Məmmədova bu günlərdə dünyasını dəyişmiş universitet əməkdaşlarının, müəllimlərin xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyib. Rektor çıxışında Covid-19 pandemiyası ilə əlaqədar vaksinasiya prosesinə də toxunub, universitetin professor-müəllim heyətinin və texniki işçilərin bu prosesdə fəal iştirakının təmin olunması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Elmi Şuranın gündəliyində duran ilk məsələ ilə bağlı Tədris işləri üzrə prorektor Akif Qasımov çıxış edib, “Qış imtahan sessiyasının keçirilməsi və yay imtahan sessiyasına hazırlıq” adlı hesabatını Şura üzvlərinin diqqətinə çatdırıb. Prorektor qış imtahan sessiyasının pandemiya şəraitinə uyğun olaraq Təhsil Nazirliyinin mövcud əsasnamələri və universitet rektorunun tənzimləyici əmrləri rəhbər tutularaq karantin qaydaları çərçivəsində onlayn formatda keçirildiyini deyib, imtahanlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, qış imtahan sessiyasında bakalavr səviyyəsində 6710, SABAH qruplarında 65, magistratura səviyyəsində 508 tələbə yazılı və test imtahanlarında iştirak edib. A.Qasımov fakültələr üzrə imtahan nəticələrini təqdim edib. Məlum olub ki, imtahanlarda ən yüksək müvəffəqiyyət göstəriciləri Memarlıq (95 faiz), İnşaat (94 faiz) fakültələri və SABAH qrupları (100 faiz) üzrə olub. Ümumilikdə universitet üzrə müvəffəqiyyət göstəricisi 91 faiz olub. Prorektor çıxışında qiyabi qruplarda və universitetin nəzdindəki İnşaat kollecində keçirilən imtahan sessiyasına toxunub, imtahanlarda müşahidə olunan nöqsanlar və çatışmazlıqlardan da danışıb.
Magistratura Mərkəzinin rəhbəri Rövşən Səmədov “Magistratura səviyyəsində elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” adlı hesabatında magistr tələbələrin elmi tədqiqat təcrübələrindən danışıb. O, bu təcrübələrin AzMİU-nun 74 elmi-tədqiqat bazasında təşkil olunduğunu Şura üzvlərinin diqqətinə çatdırıb. “Mövcud tədqiqat bazalarının 13-ü AzMİU-da, 24-ü dövlət müəssisə və təşkilatlarında, 37-si isə özəl şirkətlərdədir”. R.Səmədov təcrübələrin təşkilində ortaya çıxan problemlərdən və qarşıda duran vəzifələrə də toxunub.
İclasın sonunda Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova “2020-2025-ci illər üzrə universitetin strateji inkişaf üzrə planı”nın Elmi Şuranın ötən iclasında geniş müzakirə olunduğunu, sənədə müəyyən dəyişikliklər edildiyini və bu gün təsdiq olunması üçün təqdim olunduğunu bildirib.
İclasın sonunda “2020-2025-ci illər üzrə universitetin strateji inkişaf üzrə planı” yetərsayla təsdiq olunub.