AzMİU-nun “Gənc müəllimlər” məktəbində seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə “Gənc müəllimlər” məktəbinin 2021-ci il üçün nəzərdə tutulmuş növbəti seminarlarına start verilib. Covid 19 pandemiyası səbəbindən karantin qaydalarına uyğun olaraq bu il də seminarlar onlayn formada keçirilir. Seminarda 60-dan çox gənc müəllim iştirak edib.
Bu gün “Gənc müəllimlər” məktəbinin ilk seminarı baş tutub. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən keçirilən seminar “Müasir dövrdə ali təhsilin vəziyyəti və əsas inkişaf istiqamətləri” adlı mövzuya həsr olunub. Rektor gənc kadrlarla dəyərli fikirlərini bölüşüb, məsləhət və tövsiyələrini verib. G.Məmmədova həmçinin gənclərin yaşlı nəslin nümayəndələrinə nisbətən müasir təfəkkürlü olduqlarını, yeni, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacardıqlarını vurğulayaraq dərs prosesində belə kreativ metodlardan istifadənin əhəmiyyətinə toxunub, dərslərin keyfiyyətini artırılmasında praktik dərslərə daha çox üstünlük vermələrini onlara məsləhət görüb.
Seminar mövzu ətrafında maraqlı diskussiya və fikir mübadiləsi ilə davam edib.