AzMİU-da “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə” mövzusunda elmi seminar keçirilib
Ölkə prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Qarabağ regionunda ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud “Yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanılıb.
Aprelin 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi və Xarici dillər, Azərbaycan Dövlət Dəniz Akademiyasının Tətbiqi mexanika və İngilis dili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Enerji istehsalı texnologiyası, Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedralarının birlikdə onlayn formatda “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə” mövzusunda elmi seminarı keçirilib.
Seminarda çıxış edən AzMİU-nun tədris işləri üzrə prorektoru A.Qasımov, ADDA-nın elm və beynəlxalq əlaqələr üzrə prorektoru V.Sadıqov və ADNSU-nun tərbiyə işləri üzrə prorektoru A.Babayev seminar iştirakçılarını salamlayıb və seminarın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıblar.
Daha sonra ADDA-nın Tətbiqi mexanika kafedrasının müdiri V.Həsənov “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə”, AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri N.Məmmədov “İşğaldan azad olunmuş ərazilərdə tavandan isitmə və soyutma sistemlərinin tətbiqi məsələlərinin araşdırılması”, ADNSU-nun Enerji istehsalı texnologiyaları kafedrasının müdir əvəzi Ş.Nəsirov “Bərpa olunan istilik və elektrik enerjisi istehsalı”, AMEA-nın əməkdaşı S.Məmmədov “Azərbaycanda yeni texnologiyalardan istifadə” mövzularında məruzələr edib, Qarabağ ərazisində bərpa olunan enerji mənbələrindən istifadə imkanları, müasir texnologiyaların tətbiqi və s. məsələlər barədə konkret təkliflər veriblər.
Seminarda həmçinin UNDP-nin ekologiya məsələləri üzrə eksperti İ.Əliyev, ADNSU-nun Enerji istehsalı texnologiyaları kafedrasının professoru M.Ağamalıyev maraqlı təkliflərlə çıxış ediblər.
AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Z.Musayev çıxış edərək müzakirə olunan məsələnin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini, seminarın isə çox yüksək səviyyədə keçirildiyini, maraqlı məruzələrin təqdim olunduğunu qeyd edib.
Seminara yekun vuran V.Həsənov və N.Məmmədov bu cür tədbirlərin vacibliyini qeyd edərək bildiriblər ki, indiki dövrdə müxtəlif ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin birgə müzakirəsi böyük əhəmiyyət kəsb edir. Gələcəkdə kafedralarda fəlsəfə doktoru və elmlər doktoru səviyyəsində aparılan elmi-tədqiqat işlərinin də birgə müzakirə edilməsi üçün razılıq əldə olunub.