Məsafəli təcrübələr uğurla davam edir
Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) məsafədən tədrisin təşkili istiqamətində mühüm işlər görüb, bu istiqamətdə yetərli təcrübə əldə olunub.
Universitet rəhbərliyinin müvafiq əmrinə əsasən, Təcrübə və karyera mərkəzi fevral ayının 16-dan etibarən tələbələrin real istehsalat təcrübəsindən geri qalmamaları üçün təcrübənin ənənəvi keçirilmə qaydası ilə bərabər elektron resurslar vasitəsilə məsafəli təşkilinə start verib.
İxtisas kafedraları və İKT mərkəzinin dəstəyi ilə Təcrübə və karyera mərkəzi təcrübə müddəti ərzində həftədə 2 dəfə olmaqla 124 təcrübə rəhbərinin 1700-dən çox tələbə ilə “Zoom” platforması üzərindən interaktiv formada məsafəli görüşlərinin təşkilinə nəzarət edir. Məsafəli təcrübə zamanı rəhbərlər tələbə və magistrantları real istehsalatda tətbiq edilən layihələr, istifadə olunan qurğular, avadanlıqlar və s. zəruri məlumatlarla tanış edir. Eyni zamanda təcrübənin daha təkmil keçirilməsi məqsədi ilə bu görüşlərə mütəmadi olaraq universiteilə partnyor müəssisələrdən ixtisaslaşmış mütəxəssislər cəlb edilir.
Bu təcrübə prosesinin məsafəli təşkil olunması tələbə və magistrantların təcrübə əldə etmək imkanlarını artıraraq vaxt, məkan baxımından əlverişli şərait yaradaraq tələbə və müəllim heyəti tərəfindən razılıqla qarşılanır.
Qeyd etmək istərdik ki, hazırda təcrübə prosesi həm əyani, həm də məsafəli formada uğurla davam edir.