Əməkdaşlarımız onlayn təbliğat kampaniyasına start veriblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitetin təbliğat kampaniyası çərçivəsində bölgələrimizdə yerləşən orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri ilə onlayn görüşlərə start verilib. Bu gün Biləsuvar rayonunun abituriyentləri ilə ilk görüş baş tutub.
AzMİU THİK-in sədri Bayram Aslanov, Qəbul komissiysının rəhbəri Surxay Əliyev, İnşaat fakültəsinin dekan müavini Nazim Cəfərov, İnşaat-texnologiya fakültəsinin müəllimi Şahmar Rəfilinin iştirakı ilə keçirilən onlayn görüşdə məzunlara universitet barədə ətraflı məlumat verilib. Əməkdaşlarımız AzMİU-nun tarixi, bu günü, fakültələri, ixtisasları və beynəlxalq əlaqələrindən danışıblar. Universitetə qəbul qaydaları, fakültə və ixtisaslarla bağlı təbliğat və izahedici söhbətlər aparıblar, xüsusi qabiliyyət tələb edən ixtisaslarda vacib məqamlara toxunublar. AzMİU THİK-in sədri B.Aslanov tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitet rəhbərliyi tərəfindən yaradılan şərait, universitetin ictimi həyatı barədə danışıb.
Görüşün sonunda Universitetlə daha yaxından tanış olmaq üçün tanıtım video çarxları nümayiş olunub, abituriyenləri maraqlandıran suallar cavablandırılıb.