İran Mədəniyyət Mərkəzinin sədri AzMİU-nun qonağı olub
İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili fakültəsinin dekanı Polad Sadıkov və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova da iştirak edib. Qurbanəli Purmərcan son 20 ildə İranda memarlıq sahəsinin daha çox inkişaf etməsindən, ölkəsinin ali təhsil müəssisələrinin Azərbaycandakı universitet və təşkilatlarla əməkdaşlıq etmək arzusunda olmasından danışıb. Qonaq qeyd edib ki, fəaliyyətləri İranın Təhsil Nazirliyi tərəfindən müsbət qiymətləndirilən Təbriz, Hünər, Azad universitetləri AzMİU ilə əməkdaşlıq müqaviləsi imzalamaq, bu müqavilə çərçivəsində tələbə-müəllim mübadiləsini həyata keçirmək, gələcəkdə pandemiya şəraiti başa çatdıqdan sonra İranda və Azərbaycanda tələbələrin buraxılış işlərinin birgə sərgilərini keçirmək arzusundadırlar.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetin vaxtı ilə İran İslam Respublikasının Təbriz Azad Universiteti və Zəncan Universiteti ilə sıx əməkdaşlıq etdiyini, akademik heyətin birgə konfranslarda iştirak etdiyini bildirib. İran vətəndaşlarının 1989-cu ildən AzMİU-da təhsilə başladıqlarını deyən rektor rəsmi rəqəmlərin qonağın diqqətinə çatdırıb. “Bu müddət ərzində təhsilin bütün səviyyələri üzrə 555-dən artıq (197 bakalavr, 308 magistr, 30 doktorant) İran vətəndaşı universiteti bitirib. İran vətəndaşları universitetdə tədris olunan memarlıq, inşaat mühəndisliyi, iqtisadiyyat, yol tikintisi, su təsərrüfatı və mühəndis sistemləri ixtisasları üzrə bakalavr və magistr səviyyələrində təhsil alıblar. 20 doktorant artıq doktoranturada təhsillərini bitirib və müdafiə ərəfəsindədirlər”. Rektor onu da qeyd edib ki, 2020/2021-ci tədris ilində universitetdə 20 nəfər İran vətəndaşı oxuyur, onlardan 12-si bakalavr səviyyəsində, 4-ü doktoranturada və 4 nəfəri isə hazırlıq fakültəsində təhsil alır. G.Məmmədova İranın nüfuzlu universitetləri ilə tələbə mübadiləsi məsələsinə toxunaraq deyib ki, mövcud maliyyə imkanları araşdırılaraq müvafiq müqavilələr çərçivəsində bu məsələ öz həllini tapa bilər.
Sonda AzMİU-da olmağından məmnunluğunu ifadə edən qonaq səmimi qəbul üçün rektora təşəkkür edib.