AzMİU tələbələri istehsalat təcrübəsində


          Tələbələrin daha dərin ixtisas biliklərinə yiyələnmələri məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV kurs tələbələri VIII semestri tamamilə istehsalat təcrübəsində keçirirlər. AzMİU tələbələrinin istehsalat təcrübəsi karantin qaydaları nəzərə alınmaqla tədris planına müvafiq olaraq 70 təcrübə günü, ümumilikdə isə 14 həftədən ibarətdir. Universitet rəhbərliyi tərəfindən istehsalat təcrübəsinin keçirilməsinə xüsusi diqqət ayrılıb, tələbələrin dövlət müəssisələrində, ölkədə fəaliyyət göstərən aparıcı şirkətlərdə istehsalat təcrübəsi uğurla təşkil edilib.

          Hazırda bakalavr dərəcəsi üzrə sonuncu kursda təhsil alan 1705  tələbə diplomqabağı istehsalat təcrübəsini əmək bazarında nüfuz qazanmış müəssisələrdə keçir. Buna müvafiq olaraq tələbələrə universitetin təcrübəli müəllimlərindən ibarət rəhbərlər təyin edilib, təcrübə prosesi universitetin əməkdaşlıq etdiyi 191 şirkətdə və tələbələrin müəssisələrdən təqdim etdiyi fərdi arayışları əsasında aparılır. Bölgələrdə yaşayan tələbələrin təcrübə keçmələri üçün universitet tərəfindən həmin ərazilərdə olan texniki yönümlü müəssisələrlə danışıqlar aparılıb və bunun nəticəsi olaraq tələbələrimizin uzun məsafə qət etmədən yaşadıqları rayonlara yaxın ərazidə yerləşən müəssisələrdə təcrübələri təşkil edilib.

          Fevralın 16-dan başlanılmış təcrübə hazırda davam edir, Təcrübə və karyera mərkəzinin əməkdaşları mütəmadi olaraq təcrübə obyektlərində yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər

          Bu gün  mərkəzin müdiri Xanlar Qəniyev ümumilikdə 6 müəssisəyə səfər edib, ilk olaraq Baku Grand Proje MMC, Geoid MMC, Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutu, Era Marketinq Center MMC, Qala Həyat Sığorta MMC, Kon Lay MMC-yə baş çəkib, Memarlıq, İnşaat, Nəqliyyat, Su təsərrüfatı və Mühəndis kommunikasiya sistemləri, Tikinti iqtisad fakültələrinin sözügedən müəssisələrdə təcrübə keçən tələbələri ilə görüşüb, onlara yaradılan şərait, gördükləri işlər və s. ilə tanış olub. Tələbələr onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə edib və bildiriblər ki, təcrübə keçdikləri müəssisə onları real layihələrin işlənilməsinə cəlb edir və bunun nəticəsində həqiqətən böyük təcrübə toplamış olurlar. Həmin müəssisələrin nümayəndələri də öz növbəsində tələbələrin hazırlıq səviyyəsindən və nizam-intizamından razılıqlarını bildiriblər. Tələbələrin ilk gündən komanda işi ilə yaxından tanış olduqlarını, ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisənin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirdiklərini vurğulayıb. X.Qəniyev müəssisə nümayəndələri ilə birgə müəssisəni gəzib, tələbələrin iş prosesi ilə yaxından tanış olub.
        Qeyd edək ki, AzMİU tələblərinin istehsalat təcrübəsi 25 may tarixinə kimi davam edəcək.

 


 

 

06-04-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]