AzMİU-da respublika elmi-praktik konfrans keçirilib
Aprelin 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn formatında “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransda respublikamızın bir sıra təşkilatlarının nümayəndələri, o cümlədən nazirliklərin, ali məktəblərin, elmi-tədqiqat institutlarının tanınmış alimləri iştirak ediblər.
Konfransın plenar iclasını giriş sözü ilə açan AzMİU-nun rektoru, Əməkdar memar, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamladıqdan sonra işğaldan azad olunmuş Qarabağ regionunun iqtisadi və sosial inkişafı problemləri ilə bağlı belə bir konfransın keçirilməsinə görə onun təşkilatçılarına-AzMİU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasına və kafedranın müdiri Rühəngiz Əliyevaya təşəkkürünü bildirib.
Rektor çıxışında qeyd edib ki, erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir dövrdə vəhşicəsinə dağıdılmış Qarabağ regionunun bərpasına, onun yenidən qurulmasına ölkəmizin bir sıra idarə, müəssisə və təşkilatları ilə yanaşı, AzMİU-nun alimləri, memarları da yaxından qoşulublar.
Konfransın plenar iclasında tanınmış alimlərdən akademik Ziyad Səmədzadə “Qarabağ regionunun iqtisadi-təbii resursları və onlardan səmərəli istifadə məsələləri”, akademik İradə Hüseynova “İşğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi davamlı inkişafın əsasıdır”, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “İşğaldan azad edilmiş ərazilərin inkişaf strategiyası” və AMEA-nın müxbir üzvü Akif Musayev “İşğaldan azad edilmiş ərazilərin bərpa mərhələləri və xərclərin optimallaşdırılması məsələləri” mövzusunda çıxış ediblər. Aktual məsələlərdən bəhs olunan məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Plenar iclasdan sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmələrdə 90-a yaxın məruzə dinlənilib.