AzMİU-nun Debat Klubu XX daxili turnirə hazırlaşır

         Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) fəaliyyət göstərən AzMİU Debat Klubu bu il fevralın 22-dən onlayn fəaliyyətə başlayıb və bununla əlaqədar onlayn qeydiyyat keçirib. Klub rəhbərləri 1 həftə davam edən onlayn qeydiyyatdan sonra kluba üzv olmaq istəyən yeni tələbələr üçün Motivasiya Təlimləri təşkil ediblər və bu təlimlərdə klubun strukturu, görülən işlər barədə onlara ətraflı məlumat verilib.

         Bu gün keçirilən görüşdə isə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və sədr müavini Şahmar Rəfilinin də iştirakı ilə  peşəkar debatçılar  “Şou debat”da yeni iştirakçılara debatı daha yaxşı mənimsəmələri üçün nümunəvi oyun göstəriblər. Şou debatda Ayan Bəhramlı, Kənan Yaqubov və Sənan Atayevin iştirakı ilə “Ampfibian”  komandası təsdiq mövqedə, Nofəl Məmmədli, Nihad Babayev və Orxan Əliyevin iştirakı ilə "H.E.Q" komandası inkar mövqedə  “Virtual zorakılıq cəmiyyətdəki zorakılıq hallarının artmasına səbəb olur”  mövzusunda debat təşkil ediblər.

          Onlayn olmasına baxmayaraq, 100-dən çox tələbənin iştirak etdiyi Şou debatda tələbələrin kluba marağı kifayət qədər olub. Sıradakı mərhələ isə 30-dan çox komandanın iştirak etdiyi AzMİU Debat Klubu'nun XX daxili turniri olacaq. Daxili turnirin 10-11 aprel tarixlərində baş tutması planlaşdırılır.

 

02-04-2021