Şəhidlər bizim qürur yerimizdir!
Sentyabrın 27-dən başlayan Ermənistanın növbəti hərbi təxribatına cavab verən Ordumuzun əks-hücum əməliyyatları xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu.
44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu, sözün əsl mənasında düşmənin sinəsinə çalın-çarpaz dağ çəkdi, onu tamamilə diz çökdürdü. Bu qurtuluş savaşında qəhrəmancasına şəhid olanlar da, qazi adı qazananlar da oldu. Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. Vətən müharibəsində şəhid olan, öz şəhadətləri ilə bizə qələbə bəxş edən 2783 zəfər şəhidi arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də onun nəzdindəki İnşaat Kollecinin məzun tələbələri də xüsusilə seçildi. Onlar öz əməlləri ilə hər kəsin başını uca etdi, qəhrəmanlıqları ölkəyə yayıldı.
Bu gün universitetimizin bütün fakültələrində şəhidlərimizin xatirəsinə və qazilərimizin şərəfinə həsr olunmuş güşələr yaradılmışdır. Həmin güşələrdən biri də aprelin 1-də universitetimizin ən qocaman tədris ocaqlarından sayılan İnşaat fakültəsində açıldı.
Tədbiri giriş sözü ilə fakültənin dekanı, Əməkdar müəllim Hikmət Məmmədov açdı. O, fakültənin şəhid tələbələri və qaziləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Sonra söz universitetin rektoru, professor Gülçöhrə Məmmədovaya verildi. O, Qarabağ uğrunda gedən müharibədə döyüş tapşırıqlarını yerinə yetirərkən canlarından keçən, şəhidlik zirvəsinə yüksələnlər arasında AzMİU-nun tələbə və məzunlarından, o cümlədən İnşaat fakültəsinin şəhid tələbəsi Zaur Dövlətov, fakültənin III kurs tələbəsi qazi Fariz Əzizov və Kənan Məmmədli barədə söhbət açdı. Qəlbinin hökmü, vicdanın səsi ilə cəbhəyə getmiş şəhid tələbə gənclərimizi ehtiramla andı.
Tədbirdə İnşaat fakültəsinin III kurs tələbəsi Fariz Əzizov Vətən müharibəsində keçdiyi döyüş yolundan danışdı. O, Füzuli, Xocavənd, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdəki təəssüratlarından tədbir iştirakçılarına məlumat verdi.
Tədbirin sonunda şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu olundu.