Elmi Şuranın onlayn iclası keçirilib
Martın 31-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib. Tədbiri giriş sözü ilə açan sədr – AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl rektor 31 mart azərbaycanlıların soyqırımı gününü xatırladaraq soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. G.Məmmədova 103 il bundan əvvəl erməni daşnaklarının Bakıda, eləcə də bölgələrdə soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərdən, qətllərdən danışıb, bu hadisələrə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi qiymət verildiyini diqqətə çatdırıb. Daha sonra Gülçöhrə xanım AzMİU-nun elm və texnika işləri üzrə prorektoru Arif Şərifovu 75 illik yubileyi münasibəti ilə təbrik edib. Onun uzun illər universitetdəki fəaliyyətini yüksək qiymətləndirib. Şura üzvləri də rektorun təbrikinə qoşularaq Arif Şərifovu yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, işlərində uğurlar arzulayıblar.
AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva gündəlikdə duran ilk məsələ - “Universitetin ingilis bölməsində təhsilin vəziyyəti, tələbələrin və pedaqoji kadrların dil hazırlığının keyfiyyətinin artırılması” barədə danışıb. Qeyd edib ki, AzMİU-da ingilis dilində tədrisin əsası 2006-cı ildə qoyulub, bu gün artıq bakalavr səviyyəsində ingilis bölməsi üçün 8, magistratura səviyyəsində isə 4 ixtisas üzrə tələbə qəbulu aparılır. Prorektor ingilis bölməsində təhsilin vəziyyətinin, tələbələrin və pedaqoji kadrların dil hazırlığının keyfiyyətinin artırılması üçün görüləcək işlərə, qarşıdakı hədəflərə də toxunub.
“Universitetin 2021-2025-ci illər üzrə strateji inkişaf planının müzakirəsi və təsdiq edilməsi” adlı məruzə ilə çıxış edən Strateji inkişaf üzrə prorektor, dosent Ülkər Səttarova müxtəlif istiqamətlər və fakültələr üzrə strateji inkişaf planının hazırlığı prosesindən danışıb. O qeyd edib ki, plan hazırlanarkən universitetin spesifik ənənələrinin qorunmasına diqqət yetirilsə də, dünya universitetlərinin təcrübəsindən istifadə olunaraq modernləşdirilmiş struktur yaradılacaq. Ü.Səttarova strateji planın jurnal formatında hazırlanacağını da şura üzvlərinin diqqətinə çatdırıb.
İclasın sonunda Elmi Şuranın gündəliyində duran məsələlər geniş müzakirə olunub, maraqlı təkliflər səslənib.