AzMİU-da onlayn dərslərin təşkili uğurla davam edir
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) fevralın 16-dan başlayaraq tədris prosesinin məsafədən təşkilinə start verilib. Universitetdə onlayn dərslərin təşkili “Zoom” proqramı və videodərslər vasitəsi ilə həm bakalavr, həm magistr pillələrində uğurla davam etdirilir. Eyni zamanda bütün fənlər üzrə mühazirələr tələbələrin elektron kabinetinə yerləşdirilir. Bütün bunlarla yanaşı, Memarlıq fakültəsində layihə dərsləri, digər fakültələrdə isə bəzi ixtisaslar üzrə laboratoriya dərsləri əyani formada keçirilir.
AzMİU-nun 2020/2021-ci tədris ilinin yaz semestrinin onlayn tədris prosesinin statistikasına görə, universitet üzrə onlayn dərslərə qoşulan tələbələrin sayı ötən semestrlərlə müqaisədə artım üzrə gedir. Ümumilikdə, tələbələrin 90%-i onlayn dərslərə qoşulur. Universitetin İKT Mərkəzindən aldığımız məlumatya görə bugünə qədər 3000-dən artıq onlayn dərs keçirilib, 60000-dən artıq qoşulma qeydə alınıb. Onlayn dərslər əsasən, mühazirə və məşğələ formatında aparılır. Kurs işi, buraxılış işi və maqistr dissertasiyalarına rəhbərlik, mövcud vəziyyətlə əlaqədar müəllim-tələbə arasında diskussiya şəklində aparılır və fərdi olaraq distant şəklində və internet imkanlarından istifadə edərək cavablandırılır.
Onu da qeyd edək ki, universitetin bütün tələbələri müəyyən səbəblərdən (İnternet imkanlarının məhdudluğundan) onlayn dərslərdə iştirak edə bilmir. Belə tələbələrin sonradan həmin dərs materiallarını izləmək imkanı əldə etməsi üçün dərslərin böyük əksəriyyətinin video çəkilişi aparılır.