Şəhid məzunlarımızın xatirə qorelyefinin açılışı olub
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhid olmuş fakültənin 2015-16-cı il məzunu Ramil Ağayev və 1-ci Qarabağ savaşında şəhid olmuş tələbəsi Fuad Əsədovun əziz xatirəsinə həsr olunmuş qorelyefin açılış mərasimi olub. Mərasimdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, hər iki şəhidin ailə üzvləri, fakültənin müəllim və tələbələri, Universitetin ictimai təşkilatlarıın nümayəndələri iştirak edib.
Mərasimi giriş nitqi ilə açan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsinin daim yaddaşlarda qalacağını bildirib. O qeyd edib ki, 1-ci Qarabağ savaşında şəhid olan Fuadın və yüzlərlə qəhrəman oğullarımızın qanını yerdə qoymayan, canı, qanı bahasına böyük zəfərə imza atan Ramil kimi oğullarla fəxr edirik. Daha sonra Z.Məmmədova Vətən müharibəsinin şəhidi R.Ağayevlə bağlı xatirələrini paylaşıb, hər iki şəhidin doğmalarına səbr, dözüm arzulayıb.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova tədbirdə iştirak edən şəhidlərin yaxınlarına başsağlığı verib, onlara səbr arzulayıb. O, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizə diqqət və ehtiramın göstərilməsinin hər birimizin borcu olduğunu vurğulayaraq Universitetin bütün fakültələrində şəhid tələbə və məzunlarımızın xatirəsinə həsr olunmuş guşələrin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb. G.Məmmədova xalqımızın 30 illik həsrətinə son qoyan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının gələcək nəsillər üçün ən yaxşı örnək olduğunu, onların qoyub getdikləri vətənpərvərlik məktəbinin davamçılarının bundan sonra da yetişəcəyini qeyd edib.
Mərasimdə iştirak edən Fuad Əsədovun anası Solmaz xanım şəhid ailələri adından şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Universitetin rəhbərliyinə, Memarlıq fakültəsinin müəllimlərinə, kompleksin müəlliflərinə - heykəltəraşlara minnətdarlığını bildirib.
AMİ-nin sədri, professor Elbay Qasımzadə hər iki şəhidin anasına dərin ehtiram ifadə edərək əllərindən öpüb, onlara səbr, dözüm arzulayıb.
Məlumat üçün qeyd edək ki, qorelyefin müəllifi heykəltəraş Kənan Əliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 1-ci kurs magistr tələbəsi Namiq Hüseynovdur.