Azərbaycan Memarlar İttifaqı universitetimizə 25 adda 550 kitab hədiyyə edib
Azərbaycan Memarlar İttifaqı bu günlərdə maraqlı aksiya keçirib. İttifaq rəhbərliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinə 25 adda 550 kitab hədiyyə edib. Azərbaycan memarlıq tarixinə, tanınmış memarlarımıza, Bakının memarlıq məktəblərinə və müasir memarlıq nümunələrinə həsr olunmuş bu kitablar artıq Universitetin kitabxanasında tələbə və müəllimlərin istifadəsinə verilib.
Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova bildirib ki, Memarlar İttifaqının bu aksiyası AzMİU-nun kitabxana fondunun müasir, yeni, habelə klassik ədəbiyyatla zənginləşdirilməsinə xidmət edir. Kitabxananın zənginləşdirilməsi həm də elmi tədqiqatla məşğul olan müəllimlərin köməyinə çatacaq, habelə tələbələrin kitabxanalara daha fəal cəlb edilməsi və onların mütaliə marağının artırılmasına müsbət təsir edəcək.