İlaxır çərşənbəniz mübarək!


          Bu gün ilin son çərşənbəsi  torpaq çərşənbəsidir. Çərşənbələrin sultanı hesab edilən Torpaq çərşənbəsinin qədimdən bir çox özünəməxsus adət-ənələri olub və indi də yaşamaqdadır. Su, Od, Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsi torpağın oyanmasına işarədir. Torpaq çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır, insanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar.

          Axır çərşənbədə həyət-bacada tonqallar alovlanır, bacalardan torbalar atılır, qulaq falları qurulur və xoş ovqatlı ayinlər həyata keçirilir. İnsanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: “Ağırlığım-uğurluğum, qadam-balam tonqalda yansın”, yaxud  “ağırlığım-uğurluğum odlara, tonqaldan mənimlə atılmayan yadlara”. Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.

          Qulaq falına çıxmaq, qapılara papaq atmaq bu bayramın tərkib hissələridir. Küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir. Bu günə el arasında həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Odur ki, həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışıb, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönsün.

          Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta, bir də baharın gəlişini əks etdirən səmənidir.Bu çərşənbə ilə bağlı olan ayinlər zaman-zaman yaşanır, xalq öz milli Novruz bayramını böyük əhvali-ruhiyyə ilə qeyd edir və bu gün də ruh yüksəkliyi insanların mənəvi dünyasında yaşayır.

          Bu əziz gündə Universitetin rektorluğu adından hər birinizi təbrik edir, Sizə sağlıqlı uzun ömür arzulayırıq! Evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın! Bayramınız mübarək!

 

 

16-03-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]