Tələbələrimizin istehsalat təcrübələri uğurla davam edir


          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan tələbələrin elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və onların təcrübi biliklərinin artırılması məsələsi universitet rəhbərliyinin qarşıya qoyduğu əsas prioritet məsələdir. Bakalavr səviyyəsində kadr hazırlığı aparılan bütün ixtisaslarda oxuyan tələbələrin təhsil aldıqları müddətdə topladıqları nəzəri bilik, bacarıqlarını vərdiş və praktiki qabiliyyətə çevirmək məqsədi ilə istehsalat təcrübəsinin təşkilinə  xüsusi əhəmiyyət verilir. Hər il olduğu kimi bu il də tələbələrimiz ikinci semestrin ilk günündən ixtisasların uyğun olan istehsalat müəssisələrində 14 həftəlik təcrübəyə yollanıblar.  

          İstehsalat  müəssisələrində təcrübə keçən tələbələrin praktiki biliklərinin artırılmasını diqqət mərkəzində saxlayan universitetin Təcrübə və karyera mərkəzinin əməkdaşları mütəmadi olaraq həmin müəssisələrdə yoxlamalar aparır, tələbələrin davamiyyətini, onlar üçün yaradılan şəraiti, ümumilikdə təcrübələrin gedişini yerindəcə öyrənirlər. Bu gün  mərkəzin müdiri Xanlar Qəniyev Bakı Metropoliteni QSC-nin Təlim-Tədris Mərkəzində, EVRASCON ASC-də, SOCAR-ın “Neftqaztikinti” trestində təcrübə keçən tələbələrlə görüşüb, onların təcrübələrdə davamiyyəti, təhlükəsizlik qaydaları, gördükləri işlər, onlara yaradılan şərait və s. ilə tanış olub.

          Mərkəzin rəhbəri pandemiya şəraitində istehsalat müəssisələrinin tələbələrimiz üçün yaratdıqları şəraitdən, onlara göstərilən diqqət və qayğıdan razı qaldığını ifadə edib. Həmin müəssisələrin nümayəndələri, eyni zamanda istehsalatdan olan təcrübə rəhbərləri - Bakı Metropoliteni QSC-nin Təlim-Tədris Mərkəzinin rəis müavini Rizvan Bayramov, Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzinin baş mühəndisi Qulam Əliyev də öz növbəsində tələbələrin hazırlıq səviyyəsindən və nizam-intizamından razılıqlarını bildiriblər.

 

12-03-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]