AzMİU-da II semestrin dərsləri onlayn qaydada davam edir
Ölkəmizin digər ali məktəblərində olduğu kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də fevralın 17-dən 2020–2021-ci tədris ilinin II yarısına başlanılıb. Artıq bir neçə gündür ki, universitetimizin tədris qruplarında onlayn formada dərslər keçilir, mühazirələr oxunur, məşğələlər aparılır.
Yola saldığımız tədris ilinin I yarısında təlimin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında distant təhsilə marağın artırılması və onlayn dərslərin keçirilməsində problemlərlə qarşılaşan müəllimlərin universitetin İKT mərkəzinin əməkdaşları tərəfindən təlimləndirilməsi istiqamətində bir sıra işlər görülüb. Bütün bunlar da tədris ilinin I yarısında müəyyən uğurların qazanılmasına zəmin yaradıb. Bunu koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətə əsasən onlayn qaydada keçirilən test və yazılı, magistr tələbələri üçün şifahi üsulla, xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada təşkil olunan qış imtahan sessiyasının uğurlu nəticələri sübut etdi.
Bu semestrdən başlayaraq kafedralarımızda çalışan müəllimlərimiz təlimin müasir formalarından, o cümlədən interaktiv metod və yeni texnologiyalardan geniş istifadə etməyə başlayıblar. Elektron dərsliklərin hazırlanıb tələbələrin istifadəsinə verilməsinə də diqqət artırılıb.