Karyera yönümlü silsilə onlayn görüşlər davam edir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera mərkəzinin fəaliyyətinin əsas istiqaməti tələbə və məzunların məşğullğunun təmin olunmasına dəstək göstərmək və kömək etməkdir. Mərkəz tərəfindən bu məqsədlə təşkil edilən karyera istiqamətli onlayn görüşlər artıq ənənə halını alaraq uğurla davam edir.
Mərkəzin əməkdaşları tərəfindən Zoom platforması üzərindən təşkil olunan növbəti görüşdə tələbələrə iş həyatlarının başlanğıcında vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydası, özlərini ən yaxşı şəkildə ifadə etməyin təsirli yolları haqqında geniş məlumatlar verilib. Həmçinin karyera yolunda ilk addım olaraq CV-lərin düzgün tərtib edilməsi və CV hazırlarkən onlayn resurslardan istifadə edilməsi qaydaları haqqında video-izahat formasında material nümayiş olunub.
Təcrübə və karyera mərkəzinin təşkil etdiyi onlayn görüşlərin yaratdığı faydalı imkanlar sayəsində artıq gözlənilən nəticələr əldə edilib. Onu da qeyd edək ki, uğurlu nəticələrin əldə edilməsi digər tələbələrin də belə görüşlərə maraq və inamını artırır.