Onları siz də tanıyın
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası başa çatıb, fakültələr üzrə nəticələr artıq məlumdur. Bütün imtahanları uğurla verib bu sınaqdan üzüağ çıxıb əlaçı olanlar, əlaçı olmaq istəsələr də, zərbəçi statusu qazananlar və təbii ki, imtahandan kəsilən tələbələrimiz də var. Bu semestr 27 tələbəmiz qış imtahan sessiyasını uğurla başa vuraraq “əlaçı” adını qazanıb.
Universitetdə əlaçı tələbələrin sayı üzrə siyahıya bu semestr Memarlıq fakültəsi liderlik edir, necə deyərlər, payız sessiyası bu fakültə üçün çox uğurlu olub. Fakültədən aldığımız məlumata görə, bakalavr pilləsində oxuyan 12 tələbə semestr imtahanında uğurlu nəticə göstərərək əlaçı adını qazanıb. 1-ci kursda 4, 2-ci kursda 2, 3-cü kursda 5 tələbə, 4-cü kursda 1 tələbə əlaçı olub. Fakültənin 201 tələbəsi isə zərbəçi kimi imtahanları başa vurub.
Bu semestr birinciliyi qazanan Memarlıq fakültəsindən sonra Tikinti- iqtisad fakültəsi siyahıda 2-ci yer alıb. Belə ki, bu il fakültənin 7 əlaçı tələbəsi var. 1-ci kursdan başqa, 2-ci kursda 1, 3-cü kursda 2, 4-cü kursda 4 tələbəsi imtahan sessiyasını uğurla başa vurub. Bu fakültənin də 98 zərbəçisi var.
Siyahıda 3-cü yerdə Mexanika və informasiya texnologiyaları fakültəsi qərarlaşıb. Fakültənin 2-ci kursdan 3, 3-cü kursdan 1 tələbəsi semestr boyu və imtahan ərəfəsi çəkdikləri zəhmətin bəhrəsini dadıblar. 63 zərbəçi tələbə də MİT fakültəsində var.
İnşaat və Nəqliyyat fakültələrinin bu semestrdə toplam 4 əlaçı tələbəsi var, İnşaatda 1-ci kursdan Nəzrin Rzayeva və 4-cü kursdan Aytac Cəlilova semestr imtahanlarında yüksək nəticə nümayiş etdirərək əlaçı adına layiq görülüb. Nəqliyyat fakültəsinin 2-ci kurs tələbəsi Kərəm Kərimov, 3-cü kurs tələbəsi Murad Babayev başqalarından fərqlənərək fakültənin əlaçıları olublar. Bu semestrdə fakültədə 36 tələbə zərbəçi adını qazanıb.
Su təsərrüfatı və mühəndis kommunikasiyaları fakültəsi və İnşaat-texnologiya fakültəsinin tələbələri arasında bu semestri əla qiymətlərlə başa vuran təəssüf ki, yoxdur. AzMİU-nun tələbə sayına görə ən böyük fakültəsi olan ST və MKS fakültəsinin 62, İT fakültəsinin isə 14 zərbəçisi var.
Qış semestrində universitetin magistratura səviyyəsində keçirilən imtahanların nəticələri ürəkaçandır. Belə ki, 1-ci kurs magistrlər arasında 14 əlaçı,
131 zərbəçi, 2-ci kurslarda isə 27 əlaçı, 58 zərbəçi var.
Universitetin SABAH qruplarında 4-cü kursda oxuyan 1 memar, 2 inşaatçı tələbəmiz semestr imtahanlarını uğurla verib, əlaçı olublar. 25 tələbə isə zərbəçi adını qazanıb.