Əziz qadınlar, bayramınız mübarək!
Bayramlar fəsli olan baharın ilk ongünlüyündə təqvimin ən gözəl günlərindən birini - 8 mart Beynəlxalq Qadınlar Gününü qeyd edirik. 8 mart Azərbaycan təqviminin ən fərəhli günlərindən biridir. Çünki bu bayram
Azərbaycan anasının, tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır. Müasir Azərbaycan qadını bu gün uzaqgörən dövlət xadimi, bacarıqlı siyasətçi, savadlı dövlət məmuru, dövlətinə dəstək olan iş adamı, xalqın etimad göstərib səs verdiyi millət vəkilidir. Müasir Azərbaycan qadını öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq bir insandır. O, bütün bu vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, zərif çiyinlərinə düşən böyük işləri icra etməkdən
qorxmur, bütün dönəmlərdə iti ağlı, parlaq zəkasıyla cəmiyyəti irəli aparır. Ən əsası öz əzəli, əbədi funksiyası olan analıq vəzifəsini və borcunu şərəflə yerinə yetirən, Vətən üçün, millət üçün layiqli övladlar tərbiyə edib yetişdirən nəcib varlıqdır.. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərən, qanı, canı bahasına 30 il işğalda qalan torpaqlarımızı geri qaytaran igid oğullarımızı yetişdirən Azərbaycan qadınları dünyanın hər cür tərifinə layiqdir.
Əziz qadınlarımız! Ölkəmizin sevimli, gözəl, işgüzar, zəhmətkeş nümayəndələri, dünyanın ən gözəl və ən qiymətli varlıqları, Siz, dünyanın ən gözəl təriflərinə, ən xoş sözlərinə layiqsiniz. Sizi rektorat adından təbrik edirəm, bayramınız mübarək! Qoy zərif vücudunuzla böyük işlər görməyə qadir olan qəlbiniz daim qurmaq, yaratmaq eşqiylə döyünsün, gözünüzün nuru, qəlbinizin hərarəti azalmasın, açılan nurlu sabahlarınız sizə xeyir xəbərlər gətirsin, həmişə sevilən və seçilən olasınız! Qoy məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əksik olmasın! Arzu edirəm ki, həmişə su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl olasınız!
Gülçöhrə Məmmədova,
AzMİU-nun rektoru, professor, Əməkdar memar