AzMİU-nun “Qış məktəbi” beynəlxalq layihəsi başa çatıb, layihənin qalibləri mükafatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi beynəlxalq “Qış məktəbi” layihəsi bu gün başa çatıb. 10 gün davam edən layihənin sonunda qalib olan iştirakçıların adları elan olunub. Moskva Dövlət Akademik İncəsənət Universitetinin tələbəsi Amina Kadırova 1-ci yerə, Voronej Dövlət Texniki Universitetinin tələbələri Arina Şevrina, Yelizaveta Zavozova, Polina Sevostyanova 2-ci yerə, Vyatka Dövlət Universitetinin tələbəsi Diana Sitçixina 3-cü yerə layiq görülüb. Qaliblər diplom və sertifikatlarla mükafatlandırılıblar. Digər iştirakçılara da sertifikatlar verilib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ildən etibarən hər il AzMİU-da əcnəbi tələbələr üçün ənənəvi olaraq beynəlxalq “Qış məktəbi” layihəsi öz işinə başlayır. Bu tədris ilində mövcud vəziyyət, pandemiya ilə əlaqədar olaraq layihə onlayn platforma üzərindən həyata keçirilib. İştirakçı sayı 100-dən çox olan “Qış məktəbi”nin üzvləri əsasən Rusiya Federasiyasının universitetlərindən tələbələr olub. Layihə çərçivəsində əcnəbi tələbələr üçün AzMİU-nun professor-müəllim heyəti tərəfindən master klaslar keçirilib, Heydər Əliyev Mərkəzi, “Yarat” İncəsənət mərkəzi, Bakı Ağ Şəhər, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı və digər məkanlara virtual səfərlər təşkil olunub.