“Schneider Electric” beynəlxalq şirkətinin nümayəndələri AzMİU-da
“Schneider Electric” beynəlxalq şirkətinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub. Şirkətin Mərkəzi Asiya, Gürcüstan və Azərbaycan üzrə rəhbəri Dan Vlasceanu, enerji və infrastruktur üzrə layihə meneceri Mirməhəmməd Səməndərzadə, energetika və tikinti sahəsində yeni texnologiyaların tətbiqi üzrə mühəndis Elbəy Rüstəmzadə və sənaye avtomatikası sahəsində yeni texnologiyaların tətbiqi üzrə mühəndis Firuzə Əliyeva AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər.
Qarşılıqlı müzakirələr və işgüzar mühitdə keçən görüşdə mühəndis kommunikasiya sistemlərinin optimal idarə olunması, itkilərin azaldılması, enerji tələbatının tənzimlənməsi, şəhər infrastrukturunda smart texnologiyalar və s. sahələrdə qarşılıqlı əlaqələrin yaradılması, mütəxəssis hazırlığında şirkətin təcrübəsindən istifadə olunması məsələləri müzakirə olunub. Görüşün sonunda AzMİU ilə Schneider Electric şirkəti arasında memorandum imzalanması qərara alınıb.
Görüşdə Universitetin Tədris işləri üzrə prorektoru A.Qasımov, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Z.Musayev və Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri N.Məmmədov da iştirak edib.