AzMİU-da Apelyasiya Komissiyasına edilən müraciətlər vaxtında araşdırılır
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir. Zoom platforması üzərindən keçirilən imtahanların gedişini AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, eləcə də prorektorlar yaxından izləyir.
Qeyd edək ki, AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prossesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə İmtahan Qərargahı, imtahanların qiymətləndirilməsində yaranan şikayətlərin baxılması üçün isə AzMİU-nun rektorluğu yanında Apelyasiya Komissiyası yaradılıb. Onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyasına bu günədək 100-ə yaxın müraciət daxil olub. Müraciətlər əsasən, texniki problemlərlə (İnternetin zəifliyi, əlaqənin itməsi, imtahanın yarıda kəsilməsi və s.), əksər hallarda isə köçürmələr etdiklərinə görə nəticələri ləğv olunan tələbələrin şikayəti ilə bağlıdır. Universitetin rektorunun tapşırığına əsasən, Apelyasiya Komissiyasına daxil olan hər bir müraciət vaxtında araşdırılır və tələbənin şikayətinə obyektiv qiymət verilir.