Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti AzMİU-da  

                                  

            Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibiİlyas Dəmirçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. “Qarabağın dünəni, bu günü bə gələcəyi” adlı konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqlar üzv olduqları  birliyin Azərbaycanda təmsilçisi olan universitetimizin rəhbərliyi ilə digər aktual mövzular ətrafında maraqlı fikir mübadiləsi aparıblar.

           Qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Rektor ən çətin günlərdə qardaş ölkənin bizim yanımızda olduğunu, hər cür dəstək göstərdiyini vurğulayıb, 44 günlük Vətən müharibəsində Türkiyə Respublikasının ölkəmizin arxası, dayağı olduğunu önə çəkib. Qarabağda quruculuq və abadlıq işlərində də həm dövlət, həm digər səviyyələrdə də qayğı və diqqətin olduğunu yüksək qiymətləndirib, bütün bunlara görə böyük minnətdarlığını ifadə edib.

            Birliyin rəhbəri İlyas Dəmirçi də öz növbəsində Vətən müharibəsində qazanılan böyük  zəfər münasibəti ilə görüş iştirakçılarını təbrik edib, Qarabağla bağlı gələcəkdə həyata keçirəcək layihələrdə iştirak etmək istəklərini qeyd edib. İ.Dəmirçi söhbət əsnasında birliyin növbəti planları, “100 ilin ən yaxşı türk şəhəri” layihəsi, keçirmək istədikləri müsabiqələr barədə məlumat verib. Digər qonaqlar da Qarabağda ermənilər tərəfindən edilən talanlar, vəhşiliklərlə bağlı televiziyadan izlədikləri video görüntülərdən təəssüratlarını paylaşıblar, Türk kültür və miras Fondu ilə keçirdikləri görüşdən danışıblar, bu günki konfransla bağlı qısa məlumat veriblər. Görüşdə Qarabağla bağlı gələcəkdə həyata keçiriləcək ortaq layihələr, Qarabağın quruculuğuna töhfə vermək, bərpa işləri, memar, mühəndis, ekoloq və tarixçilərin birgə iş birliyi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

            Məlumat üçün qeyd edək ki,  AzMİU Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin ölkə üzrə təmsilçisidir, uzun illərdir ki, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə əməkdaşlıq edir. Fikir mübadiləsi aparmaq məqsədi ilə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti dəfələrlə Azərbaycana səfər edib, universitetimizin nümayəndə heyəti Birlik tərəfindən təşkil olunan qurultay və tədbirlərdə iştirak edib.

05-02-2021