Yeni ikili diplom proqramları üzərində danışıqlar gedir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələrinin genişləndirilməsi universitetin ümumi fəaliyyətinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq əlaqələrin təşkil olunması istiqamətində əsas prioritetlər - ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi beynəlxalq elmi tədqiqatlar, konfranslar, qrant layihələrində iştirak, beynəlxalq akkreditasiyalar, beynəlxalq reytinq bazalarında təmsil olunma, əcnəbi tələbələrin cəlb olunması və tədris prosesində qabaqcıl xarici ali təhsil mütəxəssislərinin iştirakının təşkil olunmasıdır.
Universitetin beynəlxalq əlaqələr sahəsindəki əsas fəaliyyətindən biri “İkili diplom” proqramlarının yaradılmasıdır. Hazırda bu istiqamətdə bir sıra xarici universitetlərlə işgüzar danışıqlar aparılır. İstanbul Texniki Universiteti (İTU) ilə 2011-ci ildən başlayan ikitərəfli müzakirələr və razılaşmalar nəticəsində 2018-ci ildə AzMİU ilə İTU arasında inşaat mühənisliyi ixtisasında bakalavr pilləsi üçün yeni ikili diplom protokolu imzalandı. Sözügedən protokol çərçivəsində 2019/2020-ci tədris ilindən ortaq bakalavr təhsilinə başlanıldı, ötən il 14, bu il 20 azərbaycanlı və 6 türk tələbə qəbul oldu. Həmin tələbələr 3 və 4-cü kursu İTU-da təhsil alacaq.
İTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin 2019-cu ilin aprel ayında AzMİU-ya səfəri zamanı memarlıq ixtisası üzrə də magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi üçün Niyyət protokolu imzalandı. Hazırda bu protokolun həyata keçirilməsi, ortaq tədris proqramının hazırlanması istiqamətində qarşılıqlı müzakirələr gedir, müəyyən danışıqlar aparılır.
Türkiyənin Yıldız Texniki Universiteti (YTU) ilə AzMİU arasında ötən il imzalanmış müqaviləyə əsasən əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq geomatika ixtisasında ikili diplom proqramının həyata keçirilməsi üçün qarşılıqlı görüşlər keçirilir, protokolun və ortaq tədris proqramının hazırlanması üzərində iş aparılır. Eyni zamanda YTU ilə əməkdaşlığın səmərəliliyini təmin etmək və qısa zamanda tələbə mübadiləsini həyata keçirmək üçün Tələbə mübadiləsi protokolu üzərində müzakirələr gedir.
2016-cı ildən İspaniyanın Koruna Universiteti ilə ekologiya mühəndisliyi, Portuqaliyanın Leiria Politexnik İnstitututu ilə inşaat mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramının vaxtı bitdiyi üçün həmin müqavilələrin yenilənməsi və vaxtının daha 5 il müddətinə uzadılması istiqamətində müzakirələr aparılır.
“Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi üzrə peşəkar bakalavr-magistr hazırlığının təşkili” - LPEB layihəsi çərçivəsində “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi” ixtisası üçün AzMİU ilə Parisin CNAM Universiteti arasında ikili diplom müqaviləsi imzalanmış və 2020-2021-ci tədris ilindən tələbə qəbulu aparılır. Hazırda bu proqram üzrə 14 azərbaycanlı tələbə təhsil alır.
Bundan başqa, İtaliyanın Milan Texniki Universiteti ilə memarlıq və dizayn ixtisası, İtaliyanın La Sapienza Universiteti ilə ekologiya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramlarının imzalanması üzərində də iş aparılır.