2 Fevral Gənclər Gününüz mübarək!
Bu gün 2 Fevral Gənclər Günüdür. Hər kəsə məlumdur ki, 2 Fevral tarixinin Gənclər Günü elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində məhz Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyimizə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfərlə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Bütün ölkə gəncləri kimi böyük Qələbəmizdə payı olan Universitetimizin tələbələrinin quruculuq və abadlıq işlərində də ön sıralarda olacağı şəksizdir.
Əziz tələbələrimiz, gənc alimlərimiz, Universitetin rektorluğu adından hər birinizi 2 Fevral Gənclər Günü münasibətilə təbrik edir, ölkəmiz üçün əlamətdar olan bu tarixdə sizlərə tükənməz enerji, hədəflərinizə doğru irəlilədiyiniz yolda böyük uğurlar arzulayırıq! Bayramınız mübarək!