Albert Mustafayev Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib
Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təsviri incəsənət kafedrasının professoru, Əməkdar rəssam, heykəltəraş Albert Mustafayev heykəltəraşlıq sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Albert Mustafayev 1975-ci ildən, AzMİU müstəqil ali məktəb kimi fəaliyyətə başlayandan Təsviri incəsənət kafedrasında işə başlayıb. Baş müəllim, dosent vəzifələrini pillə-pillə addımlayıb, kafedranın professoru vəzifəsinə qədər yüksəlib. Məhz onun təşəbbüsü və iştirakı ilə ilk dəfə bu kafedranın nəzdində heykəltəraşlıq emalatxanası yaradılıb.
Professorun monumental abidələri, heykəlləri dekorativ kompozisiyaları Azərbaycan heykəltəraşlığının ən gözəl nümunələrindəndir. Paytaxtın görməli yerində müəllifərindən biri olduğu Bəhram Gurun, Nizaminin, Nəsiminin heykəlləri, Şuşada Vaqifin məqbəsində barelyefi və digər belə böyük şəxsiyyətlərin xatirə lövhələri onun ən yüksək sənətkarlıqla işlədiyi əsərlərdəndir. Ömrünü incəsənətə həsr etmiş istedadlı heykəltəraş, təcrübəli müəllim, gözəl insan Albert Mustafayev hazırda təqaüddədir.
Universitetimizin rektorluğu, professor-müəllim heyəti və tələbələri adından Albert müəllimi Prezidentin fəxri diplomu alması münasibəti ilə təbrik edir, ona cansağlığı, xoş günlər, yaradıcılıq uğurları arzulayırıq.