Maliyyə Nazirliyinin 13 əməkdaşı AzMİU-da əlavə distant təhsil alır
Mövcud pandemiya şəraiti dünya təhsil sisteminə ciddi təsir göstərdi və təhsilin formasının dəyişdirilməsinə, modernləşdirilməsinə böyük bir təkan verdi. Aparılan təhlillər göstərir ki, təhsilə olan yeni yanaşma ənənəvi formadan kənara çıxmaqla yanaşı, təhsil alanlara yeni fürsətlər, təhsil verənlərə isə yeni imkanlar yaratdı.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) də pandemiya dönəmində formalaşmış distant təhsildə böyük naliyyətlər əldə etdi, işlək, elektron idarəçilik resursları formalaşdırdı. Bunun nəticəsidir ki, artıq uzun illər inşaat sahəsində çalışmış ixtisasca başqa sahənin mütəxəssisləri AzMİU-da distant yolla əlavə təhsil almaq istəyir. Bağlanmış müqaviləyə əsasən, Maliyyə Nazirliyinin 13 əməkdaşı “İnşaat mühəndisliyi” ixtisası üzrə 1 illik əlavə təhsil alır. Onlara Memarlıq konstruksiyaları, Mühəndis geodeziyası, İnşaat mexanikası, İnşaat konstruksiyası, Tikintidə smeta işi, Tikinti-iqtisadiyyatı fənlərindən dərs keçirilir. Dərslər noyabrın 23-dən start götürüb. Mütəxəssislərlə universitetimizin ən təcrübəli professor-müəllim heyəti distant tədris aparır. Hazırda bu müdavimlər artıq birinci semestri başa vurublar.
Onu da qeyd edək ki, yekunda Nazirliyin 13 əməkdaşına əlavə təhsil aldıqları ixtisas üzrə diplomlar təqdim olunacaq.