İnşaat fakültəsində “Vətən müharibəsinin qəhrəmanları” adlı tədbir
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin 200 İ və T 200 İ (İstanbul Texnik) qruplarının təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəman döyüşçülərimizə həsr olunan “Vətən müharibəsinin qəhrəmanları” adlı tədbiri keçirilib. Tədbirdə fakültə rəhbərliyi ilə yanaşı, kafedra müdirləri, universtetin ictimai təşkilatlarının nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının himni ilə başlayan onlayn görüşdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekanı Hikmət Məmmədov 44 günlük Vətən müharibəsi, Qarabağ və digər rayonlarımız uğrunda gedən döyüşlər, qalib Ordumuzun əsgərlərinin şücaəti, Vətən yolunda canından keçən şəhidlərimiz, qazilərimiz haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Digər iştirakçılar da 44 günlük müharibə dönəmində xalqımızın birliyindən, insanların Orduya, prezidentə dəstəyindən danışıb, qələbənin qazanılmasında bu amillərin böyük rolunu xüsusi vurğulayıblar. Tədbirdə fakültənin tələbələri də çıxış ediblər, böyük Qələbəmizə həsr etdikləri video-çarxları təqdim ediblər. Sonda hamı şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfa diləyiblər.