Şəhidlərimizin xatirəsi anılıb


            Bu gün  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn görüş keçirilib.

           THİK-in  sədri Bayram Aslanov  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, eyni zamanda 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.

         İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva çıxışında 20 Yanvar faciəsinin istiqlal tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Qanlı faciənin  yaranma səbəbləri, tariximizdə buraxdığı izlər və nəticələri barədə ətraflı  danışıb. Qeyd edib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib.  Faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin Ulu Öndər tərəfindən verildiyini söyləyib. Ulu öndərin hadisədən bir gün sonra Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə pislədiyini diqqətə çatdırıb.  

        İnşaat fakültəsinin dekan müavini Tural Əliyev də həm 20 Yanvar, həm də Vətən müharibəsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən unudulmayacağını vurğulayıb.

   Memarlıq fakültəsinin tələbəsi Leyla Hüseynova yaxın keçmişimizin qanlı səhifəsi olan yanvar hadisələri barədə fikirlərini paylaşıb. Sonda Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən  şəhidlərlə bağlı tələbələrin  hazırladıqları videoçarx nümayiş olunub.

 

19-01-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]