Vətən Müharibəsinin Şəhidi, AzMİU-nun doktorantı Elçin Həsənli
Elçin Vaqif oğlu Həsənli 16 iyun 1993-cü ildə Ağstafa rayonu Həsənsu kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə Nəsimi rayonundakı 211 saylı tam orta məktəbi bitirib.
Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin Elektrotexnika və Energetika fakültəsinin Elektrik mühəndisliyi ixtisasına qəbul olub. 2010-2014-cü illər bakalavr təhsili alıb, təhsilini bitirdikdən sonra 2014-2015-ci illər hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olduğu müddətdə hər zaman fərqlənməyi bacarıb. Komandirlərinə yaxşı əsgər, əsgərlərə yaxşı yoldaş, qardaş olub. Hərbi xidmətdən qayıtdıqdan sonra 2015-2017-ci illər AzTU-da magistr təhsili alıb. Magistr pilləsini qırmızı diplomla bitirdikdən sonra 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantura pilləsində təhsilini davam etdirib. 2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb. 2018-ci ildə “Azərişıq” ASC Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan Elektrik Şəbəkəsində paylayıcı şəbəkə sahəsi üzrə mühəndisi olub, Sabirabadda “ASAN Xidmət”in əməkdaşı kimi çalışıb. İşlədiyi müddətdə bacarıqlı işçi kimi seçilib.
Subay idi Elçin. Atası ali məktəb, anası Xatirə xanım isə ibtidai sinif müəllimidir. Müəllim ailəsində böyüyüb boya-başa çatan Elçin ibtidaidən aliyə öyrənib milli xüsusiyyətlərimizi, ölkə həqiqətlərini, dərdimizi, uğurumuzu, gəncliyimizin üzərində olan vəzifələri... İbtidaidən aliyə həyatı öyrənmək hər bir yaş üçün çətin “vəzifə”dir, ancaq bir gənc öz ömrünə adına, soyadına layiq gözəllikləri yaşamaq, yaşatmaqla naxış, möhür vurursa, öz ölkəsinin acısını yenib, uğur gətirməkdə canı ilə iştirak edirsə, ölümün gözünün içinə dik baxıb, ölümü öldürənlərdən olursa... əlbət, (ustad Karakoç demiş) “qədərin üstündə bir qədər vardır”...
Şəhidimizin öz adı Elçin, qardaşının adı Elşəndir. Müəllim ailəsi oğlanlarına məhz elcanlılığı, el üçün çalışmağı, eli şən etməyi öyrədib.
Onu cəbhəyə doğru çəkən qüvvə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəhid olması xəbəri olub. Elçin 2020-ci ilin iyul ayında Azərbaycan ordu sıralarına qoşulmaq üçün könüllü qeydiyyatdan keçir və 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ Müharibəsinə könüllü olaraq yollanır. O, bir müddət Gəncədə təlim keçdikdən sonra könüllülərdən ibarət batalyonla Füzuliyə aparılır. Sonra da Cəbrayıl,Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edir. Elçin Noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Həddindən artıq vətənpərvər olan Elçin haqqında döyüş yoldaşları bunları deyib. O, şən, gülərüz,mehriban insan idi. Ən son tikəsini belə bizlə bölürdü. Döyüşlərdə qorxu bilməz, cəsarətli gənc kimi hər zaman fəqlənirdi.
“Elçin bacarıqlı, işgüzar, hər yerdə özünə hörmət qazanan, hamının yerini bilən oğul idi. Şəhid olan vaxt ürəyinin üstündən Azərbaycan bayrağı tapılıb. Elçin bizim qürurumuzdur”, - anası deyir.
Ürəyi üstündə bayraq daşıyan oğullar həmişə ürəyimizdədir!
Ən müasir Azərbaycan tarixinin hər səhifəsində, hər sətrində izi qalacaq qəhrəman şəhidimiz ölümündən sonra Vətən müharibəsində göstərdiyi şücaətə görə "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.