20 Yanvar - müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və silahlardan atəş açaraq şəhərə daxil oldular. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürüldü, 600-dən çox adam yaralandı. Öldürülənlər arasında 5 millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi. Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi.
Xalq başsız qalmışdı, vahimə içində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Ulu öndər yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gəlib siyasi iradə nümayiş etdirərək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verildi. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 31-ci ildönümünü böyük Qələbəmizin sevinci, qüruru ilə qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Artıq Şəhidlər Xiyabanında uyuyan 20 yanvar qurbanlarının, eləcə də 1-ci Qarabağ savaşında həlak olan yüzlərlə qəhrəman oğullarımızın qanı yerdə qalmadı, onların qisası yağı düşməndən alındı. Artıq şəhidlərimizin ruhu şaddır, canlarından keçdikləri Vətən torpaqları düşmən tapdağından azad olunub, Ali baş komandan İlham Əliyevin siyasi iradəsi, şanlı Ordumuzun, əsgərlərimizin şücaəti sayəsində Azərbycanın bütövlüyü bərpa olunub, Qarabağımızda, eləcə də digər işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.