Zəfər Şəhidimiz Emin Qədirov


        Zəfər Müharibəsinin Şəhidləri öz qanlarıyla Azərbaycanın şanlı bayrağını 30 ilə yaxın düşmən tapdağı  altında qalan Qarabağ səmasında dalğalandırdılar. Bu gün fəxrlə deyə bilərik ki, o qəhrəman oğullar arasında bizim Universitetin Şəhid məzunu Emin Qədirovda var.

        Emin Asif oğlu Qədirov 1995-ci il aprelin 25-də Zirə qəsəbəsində  anadan olub. 2002-2013-cü illərdə Xəzər rayonu, Zirə qəsəbəsi Ziya Ağayev adına 241 saylı orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsində təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra  hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra  “Papa Johns” pizza restoranlar şəbəkəsində satıcı menecer kimi çalışıb. 

        Tovuz hadisələrindən sonra o da digər igid oğullarımız kimi könüllü olaraq hərbi xidmətə yazılır. Əks hücum əməliyyatı başlayan zaman cəhbəyə yollanır. İlk olaraq Füzuli istiqamətində döyüşlərə qatılır. Qırx dörd gün davam edən Vətən müharibəsində Eminin də  olduğu cəsur döyüşçülərdən ibarət qrup düşmənə Füzuli, Cəbrayıl, Xocavən istiqamətində sarsıdıcı zərbələr endirir. Bir neçə uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız gərgin keçən döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlir.

       Qrup yoldaşı Fuad Gülmalıyev Eminlə qürur duyduğunu söyləyir, dostunu xoş xatirələrlə yada salır. Dostluqda vəfalı, şən, mehriban insan kimi xarakterizə edir. Bildirir ki, Emin Universitetdə bütün müəllimlərin, tələbə yoldaşlarımızın sevimlisi idi. Onunla axırıncı telefon danışığında Füzulidə olduğunu dedi. Qarabağı alacağıq, görərsən bayrağımız tezliklə Şuşada dalğalanacaq Fuad dedi. Arzusuna çatdı, onun kimi igidlərimizin şücaəti sayəsində Qarabağ azadlığına qovuşdu.

       Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüşlərdə şəxsi mərdlik və igidlik göstərən bu gənc Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə  ölümündən sonra  “Xocavəndin azad olunmasına görə” , "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə  başsağlığı verir və Allahdan səbr diləyirik!

 

16-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]