Qarabağın azadlığı uğrunda şəhid olan məzunumuz Qoşqar Ömərov
Vətən Müharibəsində böyüş şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan məzunumuz Qoşqar Ömərov. Atası onun adını “Qoşqar” qoyanda, yəqin körpəsinə verdiyi adın onun həyatında oynayacağı rolu heç ağlına da gətirməmişdi. Qoşqar düşmən üçün keçilməz dağ, valideynləri və milləti üçün qürur yeri oldu. Düşmənin köksünə çəkdiyi dağı görüb-eşidənin qürurdan ürəyi dağa döndü.
Dağ misallı igid Azərbaycan balası Qoşqar Səxavət oğlu Ömərov 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində dünyaya göz açıb. 2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub. 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da, hərbi xidmətə yola düşür. Hərbi xidmətdən qayıtdıqdan sonra 2016-2018-ci illərdə magistr təhsili alır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Ta sentyabrın 27-nə qədər o bir müəllim idi şagirdlərinin gözündə. Amma artıq, yəni Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olandan sonra bir qəhrəmandır. 44 günlük Vətən müharibəsinin son günlərinə qədər döyüşdü.
Sentyabrın 27-də Füzuli cəbhəsindən müharibəyə qatılan gənc Qoşqar döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil olur. Füzulidən başlayan döyüş yolu Şuşaya qədər gedib çıxır. Noyabrın 4-də şəhidlik zirvəsinə yüksələnədək davam edən ömrü qısa olsa da, amacı böyük olan döyüş yolunu da məharətlə 26 illik ömrünə sığdırdı. Qarabağın beşiyi olan Şuşanın Daşaltı kəndinin ətrafında gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.
Qoşqar onu tanıyanlar, dərs dediyi şagirdlər, gələcək nəsillər üçün örnək olacaq ömür yolu qoyub getdi. O, heç nədən qorxmayan, çəkinməyən, həyatın hər bir çətinliyinə sinə gərən, sağlam həyat, fiziki güc, intellektual cəhətdən çox əhatəli savada malik, Vətənini sevən, ailəyə bağlı, yüksək əxlaqlı gənc idi. Şəhidlik zirvəsini fəth etməsi isə onu xalqın gözündə daha böyük yüksəklərə qaldırdı.
Məlumat üçün qeyd edək ki, Qoşqar Ömərov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən Uğrunda" medalı ilə təltif edilib.