Qəhrəmanlığı ilə yaşıdlarına nümunə olan şəhid Elnur Şirinzadə
Həyatda şücaət, igidlik, mərdlik göstərən, vətən naminə çarpışan qəhrəmanların adı əbədi olaraq xatirələrdə yaşayır. Torpaq uğrunda ölən varsa Vətəndir deyirik. O Vətən ki, neçə-neçə igid Elnurların qanı ilə dirçəlib.
Elnur Xaliqverdi oğlu Şirinzadə 10 fevral 1998-ci il Yevlax rayonunda anadan olub. Arzuları, xəyalları, ümidləri böyük idi. Subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinə qəbul olmuşdu. Lakin tələbə kimi əmri verilmədən hərbi xidmətə yollanmışdı. Sənədlərini universitetə özü verməyə vaxt tapmamışdı, bu işi yerinə anası görmüşdü. O, doğma balasını AzMİU-nun tələbəsi görmək istəyirdi. Böyük həvəslə oğlunun sənədlərini yığıb, universitetə gətirmişdi. Ana bilmirdi ki, mənfur düşmənə qarşı böyük qisas hissi ilə alışıb yanan oğlunun amalı başqa idi. Elnur artıq, Vətən məni çağırır deyib, sonsuzluğa doğru yol almışdı. Tərəddüd etmədən özünü səngərlərə atmış, Şəhid adını bütün adlardan, statuslardan üstün tutmuşdu. Cəmi 22 bahar yaşamaq qismət olmuşdu bu hünər sahibinə.
Ordumuzun mənfur düşmənə qarşı başlatdığı 44 günlük Vətən Müharibəsinə qoşulmuşdu qəhrəmanımız. Döyüşlərdə böyük şücaət göstərmiş, yaralı yoldaşlarını xilas etmişdi. Oktyabrın 13-də gərgin keçən döyüşdə bu gülərüz, qorxmaz, vətənpər gənc şəhid olur. Qarabağın azadlığı uğrunda verdiyi savaş öz nəticəsini verir. Onun kimi oğullarımızın sayəsində torpaqlarımız düşmən tapdağından qurtulur. Elnurun nəşi isə doğulduğu Yevlax rayonunda torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Şirinzadə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilir.
AzMİU kollektivi olaraq Şəhidimizin ailəsinə başsağlığı verir və Allahdan səbr diləyirik!