MİT fakültəsinin Şəhid məzunu Kənan Həsənov
Vətən müharibəsində cəsur və qorxmaz döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında çox danışılacaq, onların keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olacaqdır. Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalanlardan biri də Şəhid məzunumuz Kənan Həsənovdur.
Məzunumuz Həsənov Kanan Elşad oğlu 16 sentyabr 1997-ci ildə Salyan rayonunun Arxarası kəndində dünyaya göz açıb. Orta tahsilini 2014-cü ildə Salyan rayonu Həsən Şahbazov adına məktəbdə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika informasiya texnologiyaları fakültəsinin Mexanika mühandisliyi ixtisasına qəbul olub. Təhsilini başa vurduqdan sonra 2018-ci ildə hərbi xidmətə yollanıb. 2-ci Qarabağ müharibəsi zamanı çox böyük igidliklər göstərib. Hər zaman qorxmaz olan, bütün çətinliklərə sinə gəlməyi bacaran igid bu dəfa öz qəhramanlığı ila yenə seçilməyi bacarır. Talış kənd, Tapqaraqoyunlu, Suqovuşan və Hadrut uğrunda gedən döyüşlərin bir başa iştirakçısı olan məzunumuz öz cəsarəti ilə hər kəsdən fərqlənir. Yaralanan döyüş yoldaşlarını çətin mövqeylərdən xilas edir, onların köməyinə yetişir, 17 oktyabr 2020-ci ildə Suqovuşan istiqamatində ağır və gərgin döyüşlər zamanı erməni postuna hücum zamanı şəhidlik zirvəsinə yüksəlir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüşlərdə şəxsi mərdlik və igidlik göstərir Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Kənan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qrup yoldaşları ilə söhbət zamanı onlar Kənanı əsl qəhrəman, vətənpərvər, torpağa bağlı gənc kimi tanıdıqlarını deyillər.
Qrup yoldaşı Sona Heydərova: Kənan mənim üçün fədakar dost idi. Bütün problemlərimdə mənə kömək edər, heç vaxt tək qoymazdı. Hamımızın ona böyük hörməti var idi.
Qrup yoldaşı Çingiz Əliyev: Kənan heç birimizə yox deyə bilmiyəcək qədər təmiz ürəyə sahib idi. Çox az olub ki, biz onu kefsiz, ya da əsəbi görək. Həmişə üzü gülürdü. Əksinə bizim nəsə bir problemimiz olanda Kənanla danışdıqdan sonra yaddan çıxırdı. Elə bilirəm ki, bugün sabah qayıdıb gələcək və hərşey əvvəlki kimi olacaq. Kənanın yoxluğunu qəbul eləmək çox çətindi.
Qrup yoldaşı Elnur Məmmədov: Kənanla planlarımız var idi. Əsgərlikdən gələndən sonra magistr təhsili alacaqdıq. Özümüzü daha da inkişaf etdirib, ixtisasımız üzrə iş tapacaqdıq. Çalışqan, məsuliyyətli, mərd uşaq idi. Bizim hamımızın sevimlisinə çevrilmişdi.
Qrup yoldaşı Əminə Əhmədova: Kənan bizim öz doğma qardaşımızdan da yaxın idi. Qrupda ən balacamız idi. Yardımsevər, mehriban, şən uşaq kimi seçilirdi bizlərdən. Heç vaxt onu unutmayacağıq. Neçə yaşımız olur olsun, neçə illər keçir keçsin həmişə yaddaşımızda qalacaq.
Ölümün gözünə dik baxan Kənan və Kənan kimi bütün şəhidlərmizin ruhu şad olsun.Çünki Şəhidlər ölmür, onlar hər birimizin qəlbində əbədi yaşayır.
AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə başsağlığı verir və Allahdan səbr diləyirik!