İgidliyi ilə əbədi yaddaşlara həkk olan məzunumuz Səmural Fətəliyev


        Vətənin müdafiəsi üçün sinəsini sipər edərək, şəhidlik məqamına yüksələn oğullarımızdan biri də haqqında bəhs edəcəyimiz məzunumuz  Fətəliyev Səmuraldır.

        Fətəliyev Səmural Ayaz oğlu   13 mart 1997-ci ildə Qubanın Əlibəyqışlaq kəndində anadan olub. Ailənin birinci övladı idi. İlk təhsilini 9-cu sinifə qədər Əlibəyqışlaq kənd məktəbində,  10-11-ci sinifləri isə Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəbdə almışdı. Məktəbi bitirdikdən sonra sənədlərini ali məktəbə verir, həmin ildə də Azərbaycan Memarlıq  və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinə qəbul olur. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdən sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışır.  Vətən Müharibəsi başlayanda o da bütün Azərbaycan oğulları kimi torpaqlarımızın müdafiəsinə qalxır. 

       23 yaşlı igid əsgər könüllü hərbi xidmətə yola düşür.  Təbiətən mülayim, qayğıkeş, gülərüz, sadə və səmimi bir insan olan məzunumuz düşmən təxribatları başlayan ilk günlərdən etibarən heç bir tərəddüd etmədən çətin əməliyyatlarda iştirak edir. O, qaynar döyüşlərin getdiyi Füzulinin kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşur. Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirir. Oktyabrın 5-də əks-hücum əməliyyatlarının birində düşmən mərmisinin partlaması nəticəsində döyüş meydanında şəhadətə yüksəlir. Yaxınları, döyüş yoldaşları deyir ki, Səmural  Vətən torpaqlarını azad, bütöv görmək istəyirdi. Elə bu amal uğrunda da şəhidlik zirvəsinə ucaldı. 

     Qəhrəmanımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” ,  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur.

  AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə  başsağlığı verir və Allahdan səbr diləyirik!

 

 

 

 

 

17-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]