AzMİU-nun Tikinti-iqtisad fakültəsinin Şəhid məzunu Osman Cəfər


     Zəfər Müharibəsində əldə etdiyimiz parlaq qələbə heç də asan başa gəlməyib. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu böyük şücaət göstərib. Vətən oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşmən əsarətindən azad ediblər. Bu yolda minlərlə igidimiz şəhid olub. Onlardan biri də igid məzunumuz Osman Cəfərdir.

    Qorxubilməz və ölümün gözünə dik baxan Osman Laçın Dəhlizi istiqamətində gedən döyüşlərdə böyük mərdlik göstərərək qəhrəmancasına  şəhadətə yüksəlir...

     Osman Elsever oğlu Cəfər 1998-ci il 17 iyunda İmişli rayonunun 32- lər kəndində anadan olub. 2005-ci ildə İmişli Rayonunun 5 saylı tam orta məktəbinin 1-ci sinifinə gedib, 2016-ci ildə həmin məktəbi bitirib.  Məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verib , Azərbaycan Memarlıq və İnşaaat Universitetinin  Tikinti-iqtisad fakültəsinin Sənayenin təşkili və idarə olunması ixtisasına daxil olur. Osman oxuduğu 4 il ərzində fakültə dekanı,  qrup yoldaşları, müəllimləri tərəfindən sevilir. Osmanın hər kəsə qarşı yardımsevərliyi, mehribanlığı ona xüsusi hörmət qazandırır.  Sənayenin təşkili və idarə olunması kafedrasının müdiri Rühəngiz Əliyeva Osmanı belə xarakterizə edir. Osmanın tələbəlik illəri bizim gözümüzün önündə keçib. Osmana bizim kafedranın professor – müəllim heyəti II kursdan IV kursu bitirənə kimi ayrı- ayrı fənlərdən dərs deyib. Onlar arasında mən də olmuşam.  Dərslərə məsuliyyətlə yanaşan tələbə idi. Dərs prosesində keçirilən mövzulara  diqqətlə qulaq asar, mühazirələrimi yazmağa çalışardı.  2019 – cu ilin aprel ayında kafedramızın keçirdiyi Respublika elmi-praktiki  konfransda bizə ən çox kömək edən tələbələrdən biri olmuşdu. Osman kafedra müəllimlərinin əksəriyyətinin hörmətini qazanmışdı. Müəllimlər onun xətrini çox istəyirdi. Tələbələr arasında elələri varki, universiteti oxuyub bitirəndən sonra da  həmişə hafizəmdə qalır.  Osman da bu qəbildən olan tələbə idi. Biz onunla fəxr edirik.Çünki o, fəxr ediləsi oğuldur.

    Qəhrəmanımız Vətən Müharibəsi başlayanda digər İgid Azərbaycan oğulları kimi  torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılır. Döyüşlərdə böyük şücaət göstərən Osman  Cəbrayıl və Qubadlının alınmasında iştirak edir.  Noyabr ayının 4-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 26 noyabr 2020-ci ildə doğulduğu İmişli rayonunda dəfn olunur. Beləliklə Osman Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırır.

    Osman Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərir və ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə  “Vətən Uğrunda” , “Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilir.

   AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə  başsağlığı verir və Allahdan səbr diləyirik!

17-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]