Ən gözəl əsərini Şəhidliyə həsr edən məzunumuz Rauf İbadov


          Şəhidlər, Vətəni bütün qəlbi, ruhu, varlığı ilə sevən qəhrəmanlardır.  Belə qəhrəmanlardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu  Rauf İbadovdur.

          Rauf Məhərrəm oğlu İbadov 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində doğulub. 2002-2013-cü illərdə Abşeron rayonu 2 saylı orta məktəbdə  oxuyub.  2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsində təhsil alıb. Uşaq vaxtından rəsmə və incəsənətə olan marağı  onu yaşıdlarından fərləndirir. İlk dəfə 2017-ci ildə  AzMİU-nun Sərgi Salonunda  Raufun rəsmlərindən ibarət fərdi yaradılıq sərgisi açılır. Universitetin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanın da iştirak etdiyi sərgi hər kəs tərəfindən böyük marağa səbəb olur. Sərgi  Mediamızda da işıqlandırılır. Həmin sərgidə nümayiş olunan əsərlər içərisində vətənpərvərlik ruhundakı rəsmlər üstünlük təşkil edir. Bu da bir daha göstərir ki, Vətən sevgisi, doğma torpağa sədaqəti bu gəncin yaradıcılığında əsas yeri tutur. Rauf təhsil aldığı müddətdə təlim-tərbiyəsi ilə hər kəsin sevimlisinə çevrilir. Universitet əməkdaşları, qrup yoldaşları, dostları onu xoş xatirələrlə yada salır, nümunəvi gənc olduğunu deyillər.

         Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdə də digər əsgərlərdən nizam-intizamı ilə fərqlənir. Buna görə hərbi hissə tərəfindən nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunur, komandiri tərəfindən ona qol saatı hədiyyə edilir. 

         Azərbaycanın İgid oğlu Milli Qəhramanımız Mübariz İbrahimovu özünə ideal seçən bu gənc 2016-cı ildən Şəhidlik zirvəsinə çatmağı qarşısına məqsəd qoyur. 2020-ci ilin iyulunda  Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşür. Hərbi Komisarlıqda: "Mən Polad Həşimovun qisasını almağa gedirəm"- deyir. Sentyabr ayının 27-də Vətən Mübaribəsi başlayır. O isə oktyabr ayının 7-də cəbhəyə yola düşür. Rauf döyüşlərə qatılan ilk könüllülərdən idi.  Müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunur. Döyüş yoldaşları Hadrut meşəliyində gecə saatlarında, bütün heyətlə  mühasirəyə düşür və 6 şəhid verir. Şəhidlərimizdən birinin cəsədini Rauf çiyninə alaraq 20 kilometrlik məsafədə yerləşən arxa posta çatdırır. Səhərə yaxın gəlib öz mövqeyinə çatır. Ön cəhbədə qorxmazlığı, mərdliyi, igidliyi ilə nümunəyə çevrilir. Hərbi hissə tərəfindən  o gizir vəzifəsinə təyin olunur və 052 saylı briqadaya rabitəçi təyin edilir.

        Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində döyüş yoldaşları ilə birgə mühasirəyə düşüllər. Yaxın məsafəli döyüşdə əlbəyaxa düşmənin bir neçə əsgərini məhf edən Şəhidimiz sonda qəhramancasına həlak olur.

        30 oktyabr 2020-ci il tarixində, Abşeron rayonu Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunur.

        Ölümündən sonra, Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə, göstərdiyi qəhramanlığa görə, "Vətən Uğrunda", "Cəbrayılın Azad Olunmasına Görə" və "Füzilinin Azad Olunmasına Görə" medalları və Fəxri Fərman ilə təltif edilir.

AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə  başsağlığı verir və Allahdan səbr diləyirik! Biz Vətənimizin müdafiəsi uğrunda vuruşan Rauf və onun kimi qəhrəman oğullarla fəxr edir, böyük şərəf və qürurla yad edirik.

17-12-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]