Bu gün hər bir azərbaycanlı üçün birlik və həmrəylik günüdür
Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki, yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci il Vətən müharibəsindəki qələbəmiz dövlətçilik tariximizə "Zəfər ili" kimi əbədi həkk olundu. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Tarixi ədalət öz yerini aldı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ali Baş Komandanın çağırışına böyük həmrəylik nümayiş etdirən xalqımız prezidentin dəmir yumruğuna çevrildi. Xalqımızın öz lideri ətrafında sıx birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı. Hətta Ermənistanın mövcudluğunun gələcəyi təhlükə altına alındı. Elə dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı da Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini, ordumuzun qüdrətini nümayiş etdirdi. Artıq tarixdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ifadəsi işlədilmir. İndi azad olunmuş ərazilərə böyük qayıdış ifadəsi işədilir.
Hər zamankından daha məğrur, daha qürurlu olduğumuz bu günlərdə bütün soydaşlarımızın bayram sevincinə şərik olur, tarixi Qələbəmizi şərtləndirən birlik və həmrəyliyimizin əbədi olmasını diləyirik! Ümid edirik ki, qarşıdan gələn Yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın istəklərini gerçəkləşdirəcək, xalqımız və millətimiz üçün düşərli olacaq, insanlara sağlamlıq, xoşbəxtlik, sevinc, müvəffəqiyyət və dinclik gətirəcək. İnanırıq ki, bundan sonra da xalqımızın həmrəyliyi və birliyi getdikcə artacaq, Azərbaycanımız öz uğurları ilə dünyada bir daha seçilməyi bacaracaq.
Möhtərəm Prezidentimiz başda olmaqla Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanı, universitetimizin professor-müəllim heyətini, tələbələrimizi, bütün dünya azərbaycanlılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir, hər birinizə can sağlığı, xoş günlər, firavanlıq, işlərinizdə uğurlar arzulayırıq. Qoy qarşıdan gələn illər dövlətimiz üçün bir-birindən uğurlu olsun, xalqımıza sevinc dolu günlər, xoşbəxtlik və səadət gətirsin.
AzMİU-nun Mətbuat və informasiya şöbəsi