İnşaat-texnologiya fakültəsinin Şəhid məzunu Elsevər Əhədzadə
Düşmən təxribatları başlayan ilk günlərdən etibarən heç bir tərəddüd etmədən cəbhəyə yollanan, qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəklilərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşan Elsevər Əhədzadə.
Əhədzadə Elsevər Ağacan oğlu 1995-ci il iyun ayının 3-də Sabirabad rayon Cavadkənd kəndində anadan olub. Bakı şəhəri 62 saylı liseyi bitirib. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin Tikinti materialları və məmulatları istehsalı texnologiyası ixtisasına qəbul olub. İnşaat-texnologiya fakültəsinin 652a1 qrupunda təhsil alıb. Qrup yoldaşı və yaxın dostu Zaur Əlizadə deyir ki, Elsevər xaraktercə çox sakit, mərifətli, alicənab oğlan idi. Sakit olmasına baxmayaraq şən, pozitiv ruhlu idi. Qrup yoldaşlarımızın hamısı onu çox istəyirdi. Müəllimlərimiz isə onun haqqında həmişə yüksək düşüncədə idi. Savadlı, çalışqan, dərslərə məsuliyyətlə yanaşan tələbə kimi hər zaman diqqət mərkəzində olurdu. Ona verilən sərbəst işləri, kurs işlərini bizdən öncə hazır edib, müəllimlərimizə təqdim edirdi. İmtahanlarda heç vaxt kəsiri olmayıb. Vasif Müəllim, Sevinc Müəllimə, eləcə də digər müəllimlərimiz çox razı idilər ondan. Qrupda hər kəsə örnək göstərilən tələbə idi Elsevər. Tələbə yoldaşı Səbinə Xankişiyeva isə Elsevəri belə xatırlayır. Elsəvər çox sakit insan idi. Onunla təhsil aldığımız Universitet illərində bir dəfə də olsun kimləsə pis olduğun görmədim. Çalışqan və tərbiyəli tələbə kimi hər kəsə nümunə göstərilirdi. Gözəl ürəyi və gözəl xasiyyəti var idi. Qarışqanı belə incitməz dediyimiz insanlardan idi. Onun Şəhid xəbəri bizi çox üzdü. Ancaq onun kimi oğula belə məqam yaraşardı. Bu gün torpaqlarımız üzərində rahat, alnı açıq gəziriksə bu xoşbəxtliyə görə Elsəvərə və onun timsalındaki bütün şəhidlərimizə, qazilərimizə və əsgərlərimizə borcluyuq.
Sonuncu kursda oxuduğu illərdə Elsevər “AS İnsaat” Beton Zavodda təcrübə keçir. Zavodda təcrübə keçdiyi müddətdə bilik və bacarıqları ilə seçilir. Qısa vaxt ərzində burdan iş təklifi alır. Bir neçə ay işlədikdən sonra Zavodla yolları ayrılır və Azza Şirniyyat Evində işləməyə başlayır. 2016-cı ildə AzMİU-nu bitirən Elsevər hərbi xidmətə yollanır. Tovuz rayonu Əlibəyli kəndində N saylı hərbi hissədə xidmət edir. Elsevərin ailəsi 4 nəfərdən ibarət idi. Ata, Ana və 2 qardaş. Evin böyük oğlu Elsevər, kiçik oğlu Fərid. Hər ikisini vətənpərvər ruhda böyütmüşdü ailə. İgid, cəsur, mərd oğullar vermişdilər Vətənə. Bunun nəticəsidir ki, 2-ci Qarabağ Müharibəsinin ilk günlərindən ön cəhbədə düşmənə qarşı mərdliklə vuruşurdular. Ayrı-ayrı istiqamətlərdə olsalarda amalları bir idi. Yağı düşməni torpaqlarımızdan qovma və ərazilərimizi geri qaytarmaq. Elsevərin döyüş yolu Füzuli istiqamətindən başlamışdı. Düşmənə bu istiqamətdə güclü zərbələr endirilmişdi. Elsevərin də iştirakı ilə İgid Azərbaycan oğulları Füzulinin kəndlərini, strateji yüksəkliklərini ələ keçirib, düşməni geri çəkilməyə məcbur etmişdi. Oktyabrın 21-də sonuncu dəfə evlə danışan Elsevər, 3 gün sonra oktyabrın 25-də şəhadətə yüksəlir.
Məzunumuz Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.
AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə başsağlığı verir və Allahdan səbr diləyirik! Biz Vətənimizin müdafiəsi uğrunda savaşan Elsevər və onun kimi qəhrəman oğullarla fəxr edir, böyük şərəf və qürurla yad edirik.