Nəqliyyat fakültəsinin məzunu Rafiq Heydərovun Azərbaycana fəda etdiyi şərəfli ömür yolu
Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
Ölümə gülərək gedən İgidlərimizindən biri oldu məzunumuz Rafiq Heydərov. O, şəhid olmaqla tək ailəsinin yox, bütün Azərbaycanın qəhrəmanına çevrildi. Qəhrəmanlıq zirvəsini fəth edən və özünü Vətən uğrunda döyüşlərə hazırlayan böyük vətənpərvər kimi seçilməyi bacardı.
Hər kəs onu yaxşı insan, savadlı tələbə, eyni zamanda vətənpərvər gənc olaraq tanıyırdı. Rafiq çox mehriban, tərbiyəli, sakit təbiətli biri idi. O, çox ailəcanlı, valideyn istəyən oğul, qohuma-əqrəbaya, dost-tanışa yardım etməyi sevən, öz üzərində çalışan gənc idi. Ailənin tək oğul payıydı.
Rafiq Rahim oğlu Heydərov 1995-ci il iyul ayının 1-də Bakı şəhərində dünyaya göz açıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin məzunu olub. Universiteti bitirdikdən sonra “ASK Ayaqqabı Fabriki” MMC-də işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən 29 sentyabrda səfərbərliyə çağrılıb. 14 oktyabr Füzuli-Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə xeyli düşmən qüvvəsini məhf edib və qəhrəmancasına şəhadətə yüksəlib.
Dekan, tyutor və müəllimləri, qrup uşaqları onun əsl vətənpərvər, mərd gənc kimi xarakterizə edillər. Peşəkar Cüdoçu idi Rafiq. 2012-ci ildə keçirilən Cüdo üzrə Beynəlxalq turnirdə Finala qədər yüksəlib, finalda erməni rəqibi ilə üzbəüz gəlmişdi. Bu qarşılaşmadan üzü ağ çıxmışdı. Erməni rəqibini böyük hesabla məğlub edərək qızıl medal qazanmışdı.
Məzunumuzun növbəti uğuru da yaddaqalan olur. O, ikinci dəfə daha böyük qələbəyə imza atanların sırasında durur. Xalqına Zəfər sevinci bəxş edənlərdən olur. Qalib Ordunun əsgəri kimi düşmən üzərində qələbə çalır. Onun Vətən Müharibəsindəki böyük rolu tarixə yazılan, unudulmayan səlnaməyə çevrilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Rafiq döyüşlərdə göstərdiyi qəhrəmanlığına görə ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilir.